Modern.az

“REAL hərəkatı parlament seçkisinə “Cümhuriyyət” bloku şəklində gedəcək” - MÜSAHİBƏ

“REAL hərəkatı parlament seçkisinə “Cümhuriyyət” bloku şəklində gedəcək” - MÜSAHİBƏ

7 Avqust 2015, 13:54

“Seçkilərdən sonra REAL ölkədə alternativ qüvvə ola bilər”

REAL Hərəkatının icra katibi Natiq Cəfərli Modern.az saytının suallarını cavablandırıb.

-Bir neçə il bundan əvvəl müxalif kuluarlarda REAL-ın Azərbaycan siyasi səhnəsində üçüncü qüvvə olduğu bildirilirdi. Üçüncü qüvvə prizmasından çıxış etsək, REAL-ı alternativ müxalifət təşkilatı hesab etmək olarmı?

-Bəli. Bizim bütün fəaliyyətimiz onu göstərir ki, REAL iqtidardan və müxalifətdən fərqlənir. Biz siyasi sistemdə olan nöqsanları təkcə tənqid etmirik, eyni zamanda ondan çıxış yolu üçün təkliflər irəli sürürük. Ölkədə yeganə siyasi təşkilatıq ki, müasir dönəmdə siyasi proqram qəbul etmişik. Bu proqramda ölkədə mərhələ-mərhələ atılmalı addımların vacibliyini bildirmişik və hansı islahatlara ehtiyac olduğunu vurğulamışıq.

- Bunlar REAL-ın təklifləridir. Bəs bu təşkilatın güclənməsi statistik rəqəmlərdə özünü necə göstərir?

-
REAL-ın böyüyüb-genişlənməsini statistik məlumatlar da təsdiq edir. 2-3 il bundan əvvəl cəmi 1000 nəfərə yaxın üzvümüz var idi. İndi isə rəsmi üzvlərin sayı 3 minə yaxınlaşır. Bununla yanaşı, bölgələrdə məclislərimiz təşkil olunur. Amma təəssüf ki, regionlardakı fəaliyyətimiz barədə aşkar məlumatlar verə bilmirik. Biz Nuxa məclisini təşkil etdik, sədri seçildi, üstündən 2 gün keçməmiş isə onu 6 sutkalıq həbs etdilər. Son bir ayda 6 bölgədə məclislər təşkil etsək də, onun üzvləri haqqında bilərəkdən məlumatlar vermirik. Çünki regionlarda Bakıdan fərqli olaraq vəziyyət daha da ağırdır.  

Gücümüzü göstərən başqa bir fakt isə REAL-da təsmil olunan insanların hərəsinin öz sahəsinin peşəkarı olmasıdır. Onların hər dedikləri, yazdıqları ictimai müzakirələrə səbəb olur. Bu isə Azərbaycan siyasi həyatı üçün bir yenilikdir.

- Düzdür, ana müxalifət olmaq üçün siyasi sistem parlamentli respublikaya keçid etməlidir. Lakin Azərbaycanda bu siyasi sistem hələ ki yoxdur. Bununla belə, REAL-ı fərqləndirən məsələləri nəzərə alıb, sualımızı məhz elə ana müxalifət statusu üzərində quraq. Sizcə, mövcud siyasi şəraitdə REAL ana müxalifət hesab oluna bilərmi?

- Əlbəttə ki, indiki siyasi situasiyada ana müxalifət kimi terminlərdən istifadə etmək çox çətindir. Amma biz öncədən də dediyimiz kimi, bu il keçiriləcək parlament seçkilərində iştirak edəcəyik. Ən azı 20-25 namizədlə çıxış edəcəyik. Deputatlığa namizədlərin sayı isə arta bilər. Seçkilərin nəticələrinə uyğun olaraq qazandığımız yerlər uğrunda mübarizə aparacağıq. Seçkilərdən sonrakı dönəmdə ola bilər ki, ölkədə doğurdan da yeganə və alternativ qüvvə təşkil etməyə qadir təşkilat REAL olsun. Bu istiqamətdə biz iş görürük. Biz çalışırıq ki, insanlara ümid verək...

- Azərbaycan müxalifəti də ümidlər verib. Sizin vəd etdikləriniz ənənəvilikdən nə ilə fərqlənəcək?

- Çox təəssüf ki, bu günə qədər müxalifət qüvvələrinin əsas prinsipi hər hansı problemlərin çox olması üzərində öz siyasətlərini qurmasıdır. Amma biz insanlara problemlərin həlli yollarını aşılamaqla onlara ümid və inam veririk.

- REAL üzvlərinin fikirlərini, açıqlamalarını izləyirik. İlkin təəəsürat budur ki, REAL həqiqətən də Azərbaycan müxalifətinin intellektual bazasını təşkil edir. Bəs niyə görə REAL müxalifəti bir çətir altına yığa bilmir?

- Azərbaycan müxalifətinin daxilində kifayət qədər böyük problemlər var. 20 ildir ki, bu problemlər davam etməkdədir. Azərbaycan müxalifəti zaman-zaman birliklər modeli yaratsa da, onlar hamısı uğursuzluğa düçar olub. Onsuz da Azərbaycanın siyasi spektrinə baxdıqda bu birliklərin uğursuz olacağını söyləmək mümkündür.  Çünki Azərbaycandakı birlik modelləri dəyərlər üzərində yox, şəxslər üzərində formalaşıb. Şəxslər üzərində qurulan təşkilatlar isə dağılmağa məhkumdur.

Azərbaycan siyasi müxalifətini bir-birini qəbul etməyən insanların toplusu təşkil edir. Liderlərin bir-biri ilə həmişə şəxsi problemləri olub. Bütün bunlar isə uğurlu birlik formatını ortalığa qoymağa imkan vermir. REAL-ın isə strategiyası budur ki, yeni nəslin təmsilçisi olsun. Biz yeni, gənc nəsli öz ətrafımızda birləşdirmək istəyirik. Çox güman ki, seçkilərə REAL hərəkatının bünövrəsini təşkil edən “Cümhuriyyət” bloku şəklində gedəcəyik. Bu blokda, yeni gənc siyasətçilər də təmsil olunacaq. Biz cümhuriyyət dəyərlərinə əsaslanan birlik modeli yaratmaq istəyirik. Çalışacağıq ki, uğurlu olsun və gələcək fəaliyyət üçün müəyyən əsas yaratsın.

Aqşin Kərimov

Twitter
Sizə yeni tvit var
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər