Modern.az

Mətbuat xidmətləri jurnalistləri həm təriflədilər, həm də tənqid etdilər...

Mətbuat xidmətləri jurnalistləri həm təriflədilər, həm də tənqid etdilər...

Media

30 Avqust 2010, 13:04

Jurnalistlər gün ərzində məlumat əldə etmək üçün müxtəlif mənbələrə müraciət edir. Bunlar arasında dövlət orqanlarının mətbuat xidmətləri aparıcı yerlərdən birini tutur. Bəzən elə olur ki, KİV nümayəndələri mətbuat xidmətlərinin işindən şikayətlənirlər ki, vaxtlı - vaxtında informasiya əldə edə bilmirlər, telefonlarına cavab verən olmur.
Bəs, görəsən mətbuat xidmətlərinin rəhbərlərinin jurnalistlərlədən hansı şikayəti var?

Modern.az bu məsələ ilə bağlı bir sıra dövlət qurumlarının mətbuat xidmətlərinin rəhbərlərinə müraciət edib.

Milli Məclisin mətbuat katibi Akif  Təvəkküloğlu:
- Bir neçə məqamı çıxmaq şərtilə deyə bilərəm ki, bizim jurnalistlərlə cox ciddi problemlərimiz yoxdur. Bəzi mətbuat orqanları var ki, müəyyən təhriflərə yol verir. Təbii ki, bunu hamısına aid etmək olmaz . Düzgün işləyənlər də kifayət qədərdir. Ümumilikdə götürdükdə, Milli Məclisin mətbuat xidmətinin  KİV-lərlə uğurlu iş birliyi var. Bunu Milli Məclisdə akkreditə olunmuş jurnalistlərin özləri də etiraf edirlər.

Nəqliyyat Nazirliyi mətbuat xidmətinin rəhbəri Namiq Həsənov:
- Düşünürəm ki, bəlkə də mənim qədər jurnalistlərə açıq olan ikinci bir insan yoxdu. Nə vaxt hansısa məsələ barədə məlumat istənilib, vermişəm. Sizin kimi jurnalistlərlə işləmək çətin deyil, amma reketçiliklə məşğul olan jurnalistlər var ki, onlarla işləmək olduqca cətindir. Dəfələrlə olub ki, jurnalistlər fikirlərimizi təhrif edib. Mən hesab edirəm ki, özünə hörmət edən jurnalist bunu etməz. Düzdür, bəzən olur ki, jurnalist istəmədən təhrifə yol verir. Amma bilərəkdən də bunu edənlər az deyil. Əsl jurnalist öz prinsiplərini tapdamamalıdır.
Bütün jurnalistlərə eyni yanaşıram. İstər müxalifət, istər iqtidar, istərsə də müstəqil KİV olsun, hər zaman istədikləri informasiyanı vermişəm.
Jurnalistlər olur ki, bəzən cəmiyyətin problemini bir şəxsin probleminə çevirir. Jurnalist  sadəcə xəbəri verməlidir, şərhdən nisbətən uzaq olmalıdır. Öz peşə prinsiplərinə hər zaman hörmətlə yanaşmalıdır.

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi mətbuat xidmətinin rəhbəri Müşfiq Əmirov:
- Jurnalistlərlə hec bir problemimiz yoxdur.  İstənilən vaxt istənilən sualları cavablandırmağa hazırıq.
Qarşı tərəflə münasibətlərdə problemimiz yoxdur. 
 
Ekologiya və Təbii Sərvətlər Nazirliyi mətbuat xidmətinin rəhbəri İradə İbrahimova:
- Biz məlumatları mütamadi olaraq saytımızda yerləşdiririk. Bundan başqa xəbərləri jurnalistlərin elektron ünvanlarına göndəririk. Heç bir problem yaşanmır. Jurnalistlərlə normal iş birliyimiz var, onlardan şikayətçi deyilik.

“Dövlətqaçqınkom”un mətbuat xidmətinin rəhbəri Sənan Hüseynov:
- Jurnalistlərdən hec bir nazarlığım yoxdu.. Əksinə jurnalistlərə təşəkkür edirəm, aktual məsələləri daim nəzarətdə saxlayırlar, gündəmə çıxarırlar. Təbii ki, iş prosesində ola bilər ki, kimsə nəyisə səhv edə bilər. Hər hansı bir problem yarandıqda  qarşılıqlı həll edirik. Jurnalistlərlə yaxşı əməkdaşlığımızın nəticəsi olaraq bu il mənə “Qızıl qələm” mükafatı verilib. Biz çalışırıq ki, hamı ilə normal münasibət saxlayaq.

Müdafiə Nazirliyi mətbuat xidmətinin əməkdaşı Teymur Abdullayev:
- Bizim jurnalistlərlə hec bir problemimiz yoxdur. İstər dövri mətbuatla, istərsə də digər KİV vasitələri ilə daim sıx əməkdaşlıq edirik. Düzdür, elə hallar olub ki, jurnalistlər məlumatları təhrif ediblər. Ancaq bunları təkrar gündəmə gətirməyə ehdiyac yoxdur. Jurnalistərlə daim əməkdaşlığa hazırıq.

Səhiyyə Nazirliyi mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova:
- Jurnalistlərlə hər hansı bir probemimiz yoxdur. Jurnalistlər arasında fərq qoymuruq. Hansı KİV nümayəndəsi zəng edirsə, məlumat veririk.

Əmlak Məsələləri Dövlət Komitəsi mətbuat xidmətinin rəhbəri Qulu Xəlilov:
- Bu mövzunu qaldırdığınız üçün ilk olaraq sizə təşəkkür edirəm. Düzdür, bu sahədə çox olmasa da, müəyyən problemlər mövcuddur. Bəzən elə olur ki, jurnalist müraciət etdiyi qurumun adını da bilmir. Hətta sualını düzgün verə bilmir. Peşəkar, düzgün sual verməyi bacaran jurnalistlər kifayət qədərdir. Mən jurnalistlərə məsləhət görərdim ki, hər hansı bir quruma zəng etməmişdən əvvəl həmin qurumun fəaliyyəti haqqında informasiya əldə etsinlər.
Jurnalistlərin təhrifə yol verdiyi hallar da olub. Ancaq mən deməzdim ki, jurnalist bunu bilə- bilə edib. Ola bilsin  həmin sahə jurnalistin iş prinsipinə aid deyil.
Əmlak Məsələləri Dövlət Komitəsi hər zaman jurnalistərin suallarını cavablandırır. Qurumun 3 saytı, 3 qaynar xətti , 2 mətbu orqanı, 1 açıq müraciət xətti fəaliyyət göstərir.

Sədaqət Süleymanova

Whatsapp
Bizə yazın!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi