“3 manat”
Əliağa Kürçaylı, Salam Qədirzadə, Xəlil Rza, Əmir Mustafayev, Teymur Məmmədov tez-tez bizə yığışardılar. Söhbətlər, sağlıqlar da öz yerində. Dilimizin təmizliyi uğrunda mübariz olan Xəlil Rza adəti üzrə rus, əcnəbi kəlmələrini kim işlədirdisə, o adamı cərimələyirdi. Xəbərdarlığı çırtma, cəriməsi isə xətanın dərəcəsindən asılı olaraq 3, 5, 10, 20 qəpik olurdu. Bir dəfə bu “cərimələrə” Salam Qədirzadə də tuş gəldi. “Çırtma çırtma dalınca”. Axırda dözmədi. Cibindən 3 manat çıxarıb Xəlil Rzaya uzatdı: “Xəlil, sən Allah qoy sözümü danışım, çırtma çalma, sakitcə cəriməni 3 manatdan çıx, qalsa “sdaçi” qaytararsan”.
“EO və KO”
“Volqa”mızın dövlət nömrə nişanını dəyişmişdik. “AZ 10 EO 545”. Dayılarım baxıb qımışırdılar. Fikrət dayımın maşınının nömrəsi isə “AZ 10 KO 000” idi.
- Bu nömrə, nə nömrədir e, ay Qabil?
- Nömrədir də… Mahir seçib.
- Bildiy e, nömrədir. Bəs bu “EO” nədir?
Atam bildi ki, dayılarım nəyəsə işarə edirlər. Sadəcə onun dilindən bunu eşitmək istəyirlər:
- “EO”. Yəni Eşşək Oğlu. Sonra.
Dayılarım gülüşdülər. Amma prikol bitməmişdi. Fikrət dayım “Onda belə çıxır ki, mənim nömrəm “KO”-dursa, mən də “köpək oğlu”yam?..”
- Yox. Sən “Kişi oğlusan”.
“Vaxt tapdın ölməyə?”
1983-cü il idi. Orta məktəbi bitirmişdim. Qarşıda ən böyük problem dayanırdı. Universitetin filologiya fakültəsinə daxil olmaq. Məndən çox atam həyəcanlanmışdı: “Birdən girə bilməz, sonra əsпərlik. Kim bilir o vaxta da mən sağ qalacağam, yoxsa yox?”.
Vaxt yaxınlaşdıqca, həyəcanlar da artırdı. Universitetdə rektor Faiq Bağırzadədən tutmuş sıravi müəllimə qədər hamı atamın xətrini istəyirdi. “Bunların ehtiramına bax e… Mən xahiş eləməkdən, səni tapşırmaqdan, özləri yaxınlaşıb mənə ürək-dirək verirlər ki, “Qabil müəllim, narahat olma, oğlun universitetə daxil olacaq””.
Onlardan biri də prorektor Yəhya Məmmədov idi. O həm bir alim, həm də şair Cabir Novruzun qudası kimi atamla çox yaxın idi.
İmtahana 2 ay qalırdı. Şüşəli bazarın qabağında Yəhya müəllimlə qarşı-qarşıya gəldik.
- Yəhya, necəsən?
- Necə olacam, Qabil? Bu təzyiq, ürək ağrıları lap məni bir təhər edib. Ölürəm.
Belə halda əsasən “Allah eləməsin” və digər ürək-dirəkverici sözlər dilə gəlir. Lakin qəbul imtahanlarının həyəcanını yaşayan atam.
- Hara ölürsən. Qoy uşaq qəbul olsun sonra da?.. Vaxt tapdın sən də ölməyə?
“Ziya Məmmədov qızıl təsbeh və onluqlar vermişdi ha…”
Atam yaxşı təsbeh və qaragül dərisindən tikilmiş papaq həvəskarı idi. Bunu bilən o vaxt Dövlət Dəmir Yolu İdarəsinin rəisi, indiki nəqliyyat naziri Ziya Məmmədov 75 yaşında atama qızıl təsbeh və çeçen papağı bağışlamışdı. Bu hədiyyə atamı o qədər təsirləndirmişdisə, Ziya müəllimə “Dəmir yolumuzun nazik ürəkli rəisinə dost sözü” adlı şeir də ithaf eləmişdi:
Darıxmışam bir stəkan,
Çayın üçün, ay Ziya!
Damağımda dadı qalan,
Payın üçün, ay Ziya!
Bəxşişlərin – qızıl təsbeh,
Bir qiyamət yadigar.
Şanlı çeçen papağına,
Hansı papaq tay olar?!
Bəratının bərəkəti,
Tükənməyir – halaldır.
Var ol, kişi səxavəti,
Yerdə qalan xəyaldır...
Yaddan çıxmaz Naxçıvanda,
Bostan üstü kef-damaq.
Belə olsun qoy hər yanda,
Belə olsun, ay Allah!
Dəmir yolu...
Ömür yolu,
Qoşa qanad, qoşa qol.
Sabahların ziyasına,
Qoy, bürünsün qoşa yol.
Hədiyyələrin içində 2 imperial 10-luq qızıl da var idi. Fikirləşirdim ki, atam onları ad günlərinin birində nəvələrinə (mənim qızlarıma) bağışlayar. Üstündən bir müddət keçmişdi. Evə gəldim. Sevinə-sevinə dedi ki, “qızılları əritdim (yəni ki, satdım), getdi”. Nə qızıl, nə filan. Evdə vur-tut bir üzük və bir də sırğa olar, onları da anam taxır. Ziya Məmmədovun verdiyi hədiyyələri tamam unutmuşdum.
- Nə qızıl, nə əritmək?
- Ziya Məmmədov 2 dənə qızıl 10-luq, bir qızıl təsbeh vermişdi ha?! Onları deyirəm. 380 dollar elədi. (2001-ci il idi) Getdik dayın Rafiqlə yedik-içdik.
Elə bil başıma qaynar su tökdülər. Axı 380 dollara ehtiyac olasaydı məni yandırmazdı. Maddi durum normal idi axı. Bircə bunu soruşdum:
- Axı niyə?
- Ay oğul, qızıl bədbəxtçilik gətirir.
Üstündən 3-4 il keçdi. BDU-nun rektoru Abel Məhərrəmovun atama 80 illiyi münasibətilə hədiyyə verdiyi qızıl təsbehi evə çatmamış “müsadirə etdim”.