Modern.az

Azərbaycan kommunistləri Putinə haqq qazandırdı: “Durumu Züqanovla da müzakirə etdik”

Azərbaycan kommunistləri Putinə haqq qazandırdı: “Durumu Züqanovla da müzakirə etdik”

Təhsil

3 Mart 2014, 11:17


“İkitərəfli müqaviləyə əsasən, Rusiya Federasiyasının Ukrayna dövlətinin ərazisində nizami ordu qüvvələri mövcuddur. Ukraynadakı  rusların təhlükəsizliyini təmin etmək nöqteyi-nəzərindən Vladimir Putin belə bir addım atdı. Mən bunu çox yüksək, düzgün, yerində verilmiş qərar və beynəlxalq normalara uyğun hal kimi qiymətləndirirəm”. Bunu Modern.az-a Azərbaycan Kommunist Partiyasının (AKP) sədri Rauf Qurbanov deyib. O, Rusiyanın Ukraynaya hərbi qüvvə yeritməsini şərh edərkən bildirib ki, Rusiya Krım yarımadasının təhlükəsizliyini qorumaq üçün belə bir addım atıb. R. Qurbanov Ukraynada faktiki olaraq hakimiyyəti ələ keçirmiş qüvvələri də ittiham edib. “Onlar qanunsuz olaraq dövlət binalarına basqınlar təşkil etdi və onları zəbt etdi. Güc yolu ilə qanuni dövlət hakimiyyətini devirdilər. Ukrayna müxalifətinin bu cür hərəkətləri Konstitusiya ilə ziddiyyət təşkil edir”. AKP rəhbəri Qərbi də tənqid edib. “Maydanda Qərb dövlətlərinin rəhbərləri xalqı qızışdıraraq onları daha da aktiv olmağa çağırdılar. Bu hal Ukraynanın daxili işlərinə qarışmaq kimi qiymətləndirilmir. Rusiya isə özünün əhalisini qorumaq üçün hansısa bir addım atanda bu, Kremlin Ukraynanın daxili işlərinə qarışmaq kimi dəyərləndirilir. Bu qədər ədalətsizlik olmaz”. Partiya sədri vurğulayıb ki, dünya ictimaiyyəti Qərb dairələrini qanunsuz hərəkətlərdən çəkindirməlidirlər. Onun fikrincə, Maydanda müxalif dairələrə vəzifə paylanması düzgün hərəkət deyil və bütün qanunlara ziddir. “Rusiya Ukraynadakı vətəndaşlarının və slavyan xalqlarının  taleyinə biganə yanaşa bilməz. Rusiya öz vətəndaşlarını qorumaq və dost dövlətdə alovlanmış tonqalı söndürmək üçün  hansı addımlar atmalıdır?! Əgər Moskva kənara çəkilsəydi bu Rusiyanın öz qardaşlarına, öz xalqına qarşı xəyanəti olardı”. R. Qurbanov onu da deyib ki, Ukrayna hadisələrini Rusiya Kommunist Partiyasının sədri Gennadi Züqanovla da müzakirə edib. O bildirib ki, G. Züqanov və ümumilikdə dünya Kommunist Partiyalar İttifaqına üzv rəhbərlər Rusiyanın addımını dəstəkləyir. 

Qeyd edək ki, Rusiya parlamentinin yuxarı palatası Federasiya Şurası dövlət başçısı V. Putinin Ukraynaya ordu qüvvələri yerləşdirmək haqqında müraciətini təsdiqləyib.

 

Aqşin Kərimov

 
Sizə yeni x var
Keçid et
TƏCİLİ! Moskvada dəhşətli partlayış - Ölənlər var