
“Hesab etmirik ki, yeni kadr təyinatları islahatdır. Kamal Abdullanın təyin olunduğu vəzifə 2006-cı ilə qədər millətlərarası münasibətlər üzrə dövlət müşaviri postu adlanırdı. Həmin ildən sonra bu post boş qaldı. İndi həmin vəzifə millətlərarası multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri postu adlandırıldı”.
Bunu Modern.az saytına “Turan” İnformasiya Agentliyinin rəhbəri, ekspert Mehman Əliyev ölkədə son kadr təyinatlarından danışarkən deyib. Onun sözlərinə görə, hakimiyyətin dinlə bağlı müəyyən planları var:
“Dini təbəqələrin, icmaların bir araya gətirilməsi istiqamətində addımlar atılır. Bilirsiz ki, Bakı bir neçə il öncə Mədəniyyətlər Şəhəri, sonra İslam Mədəniyyəti Paytaxtı olmuşdu. Hiss olunur ki, hakimiyyət bu istiqamətdə işlər görməyə çalışır. Ona görə də Kamal Abdullanın təyin olunduğu post yenidən qurulub. O savadlı adamdır, onun bu istiqamətdə işlər görəcəyini gözləmək olar”.
M.Əliyev qeyd edib ki, bu təyinatlarla hakimiyyətin köhnə komanda ilə vidalaşacağını demək olmaz: “Kamal Abdulla kimisə əvəz etmirdi axı. Tağı Əhmədovun işdən çıxarılmasına başqa problemlər səbəb olub. Yəqin ki, o hansısa qaydanı pozub. Ona görə də onu cəzalandırıblar. Hakimiyyətdəki məmurlar hansısa qaydanı pozursa, onlar, adətən, belə cəzalandırılırlar”.
Qeyd edək ki, ötən həftə Azərbaycan Prezidenti İlham Əliyev bir neçə sərəncam imzalayıb. Onun sərəncamına əsasən Bakı Metropoliteninin rəisi Tağı Əhmədov vəzifəsindən azad edilib. Bakı Metropoliteninin rəhbərliyinə “Bakıelektrikşəbəkə” ASC sədrinin I müavini Zaur Hüseynov təyin edilib. Digər sərəncamla yazıçı Kamal Abdulla Bakı Slavyan Universitetinin (BSU) rektoru vəzifəsindən azad edilib, o, Azərbaycan Respublikasının millətlərarası multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri təyin edilib.
İlkin PİRƏLİ