Rusiyanın Ukraynaya ordu qüvvələrini cəmləşdirməsi bölgədə yeni müharibənin başlanğıcıdırmı? Modern.az saytı ekspertlərin rəyini öyrənib.
Şərq-Qərb Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Ərəstun Oruclunun fikrincə, Rusiya faktiki olaraq suveren dövlətin ərazisinə hərbi müdaxilə etdiyindən müharibə başlamış sayılır. “Müharibədə hökmən deyil ki, orda dağıntılar,ölümlər olsun. Başqa dövlətin ərazisini işğal etmək müharibədir”-deyə Ə. Oruclu qeyd edib. Onun sözlərinə görə müharibədə digər tərəflərin iştirakı isə real görünmür. Mərkəz rəhbəri bildirib ki, böyük ehtimalla sadəcə olaraq Rusiyaya beynəlxalq təzyiqlər güclənəcək. “Rusiyaya iqtisadi sanksiyalar tətbiq ediləcək. Ukrayna isə açıq müharibəyə girişməyəcək. Ona görə ki, Ukraynanın ordusu yetərincə zəifdir. Bununla bərabər Ukrayna istəməz ki, onun ərazisində dağıntılar olsun. Digər tərəfdən isə Qərb Rusiya ilə silahlı qarşıdurmaya getmək fikrində deyil və buna marağı da yoxdur. Müasir müharibənin iki yolu var: Axmaq dövlətlər onu döyüş meydanında, ağıllı dövlətlər isə valyuta birjalarında aparır”.
Politoloq Zərdüşt Əlizadə də bölgədə yeni müharibənin başlanmasını istisna edir. O hesab edir ki, Rusiya, Ukrayna və Qərb dairələrinə müharibə sərf etmir. “Qərb Rusiyanın maraqlarını arxa plana keçirməklə, zorakı yolla ambisiyalarını həyata keçirdi. Rusiya da sübut etdi ki, onun da zorakılığa gücü çatır. Rusiya son hərəkətləri ilə göstərdi ki, Qərbin onun maraqlarını nəzərə almadan keçirdiyi əməliyyatların qarşısını almaq üçün kifayət qədər qətiyyəti çatır. Əvəzində isə Rusiya Ukraynanın gələcək inkişafında bəzi məqamların onun iştirakı ilə aydınlaşdırılması və Ukraynanın NATO-ya üzvlük məsələsinin gündəlikdən çıxarılmasını tələb edəcək. Qərb dairələrinin mərkəzi Kiyev hökumətinə təklif edəcəyi şərtlərin Rusiyanı təmin etməsi üçün Kreml cəhdlər göstərəcək. Həmin şərtlərdən biri də odur ki, Krım əhalisinin razılığı olmadan Kiyev heç bir beynəlxalq müqavilə imzalaya və hər hansı bir hərbi bloka qoşula bilməz. Burada əsas məqsəd Ukraynanın NATO-ya üzvlüyünün qarşısını almaqdır”-deyə Z. Əlizadə şərh edib.
Aqşin Kərimov