
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində respublikada əlilliyin müəyyən olunması və tibbi-sosial reabilitasiya işinin təşkili sahəsində neqativ halların aradan qaldırılması və şəffaflığın təmin olunması ilə bağlı ötən ilin noyabrında verilən tapşırıqların icra vəziyyətinə və qarşıda duran vəzifələrə həsr olunan iclas keçirilib.
Modern.az xəbər verir ki, iclasda əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, əlilliyin müəyyən olunması sahəsində fəaliyyət mexanizminin müasir tələblərə və şəffaflıq prinsiplərinə uyğun tərzdə yenidən qurulmasının son aylarda nazirliyin qarşısında əsas vəzifələrdən birinə çevrildiyini vurğulayıb. Bu istiqamətdə konkret işlərin aparıldığını qeyd edən nazir eyni zamanda fəaliyyəti əhalidə ciddi narazılıq yaradan tibbi-sosial ekspert komissiyalarının sədrlərinin (TSEK) vəzifələrindən uzaqlaşdırıldığını bildirib: “Artıq 25-dək tibbi-sosial ekspert komissiyasının tərkibi dəyişdirilib. Bununla yanaşı, ilkin əlillik təyinatı ilə bağlı işləri nazirlikdə yaradılan işçi qruplar yoxladıqdan sonra təsdiqlənib”.
S.Müslümov görülən işlərin nəticəsi kimi müsbət dəyişikliklərin olduğunu da diqqətə çatdırıb: “Əlilliyin müəyyən olunması ilə bağlı əhalidən şikayət xarakterli müraciətlərin sayı dəfələrlə azalıb. Amma neqativ halların hələ də mövcud olduğu barədə məlumatlar da daxil olur. Bizim məqsədimiz bu sahədə şəffaflığı tam təmin etməkdir”.
Nazir tibbi-sosial ekspertiza xidmətində aparılan islahatların mühüm bir istiqaməti kimi əlilliyin müəyyən olunması prosedurunun avtomatlaşdırılması işlərinin aparıldığını, əlillik təyinatında mövcud olan kağız arayışların verilməsinə son qoyulacağını qeyd edib: “Bununla bağlı müvafiq proqram təminatının hazırlanması artıq başa çatmaq üzrədir. Yaxın vaxtlarda bu işlərin pilot mərhələsinə başlayacağıq. İlk növbədə hər bir TSEK sədri elektron imza ilə təmin olunacaq, əlillik təyinatı ilə bağlı aidiyyəti qurumlar arasında məlumat mübadiləsi tam avtomatlaşacaq”.
İclasda nazir müavini Natiq Məmmədov əlillik təyinatı və əlillərin sosial müdafiəsi ilə bağlı qanunvericiliyin təkmilləşdirilməsi sahəsində aparılan islahatlarla bağlı məlumat verib.
S.Müslümov tibbi-sosial ekspertiza xidmətində aparılan islahat tədbirlərinin, o cümlədən əlillər barədə vahid məlumat bazasının yaradılması işlərinin sürətləndirilməsi, əlilliyin müəyyən olunması və əlillərin reabilitasiyası zamanı yol verilən nöqsanların qısa müddətdə aradan qaldırılması, TSEK-lərlə əlillərin bərpa mərkəzlərinin və məşğulluq mərkəzlərinin əlaqəli fəaliyyətinin gücləndirilməsi, bərpa mərkəzlərində müalicə ilə yanaşı, sosial reabilitasiya xidmətlərinin də göstərilməsi və digər məsələlər barədə tapşırıqlar verib.

Gülşən Raufqızı