Martın 3-də Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) İdarə Heyətinin növbəti iclası keçirilib. Partiyanın mətbuat xidmətinin məlumatına görə, iclasda qərarların icra vəziyyəti, ölkədəki ictimai-siyasi durum müzakirə olunub.
Daha sonra Azərbaycanda təhsilin vəziyyəti müzakirə edilib və bu sahədə islahatların genişləndirilməsinə dair təkliflər paketi qəbul olunub.
BAXCP qeyd edir ki, müstəqillik əldə olunduqdan sonra Azərbaycanda aparılan islahatlar təhsil sahəsindən də yan keçməyib.
Bunlarla yanaşı, respublikamızda yüksək ixtisas tələb edən iş yerlərinin kifayət qədər olmaması da gələcək mütəxəssislərin mükəmməl bilik almasına stimul yatarmır.
BAXCP hesab edir ki, Azərbaycanda təhsilin səviyyəsinin yüksəldilməsi üçün daha ciddi islahatların aparılmasına ehtiyac var. BAXCP bu məqsədlə aşağıdakı istiqamətlərdə tədbirlərin həyata keçirilməsini təklif edir:
1. Xüsusi təyinatlı ali təhsil müəssisələri istisna olmaqla digər dövlət ali məktəblərinin özəlləşdirilməsini;
2. Ali məktəblərin idarə edilməsində professor-müəllim heyətinin rolunun yüksəldilməsi məqsədi ilə rektorların ali məktəblərin Elmi Şurası tərəfindən seçilməsini;
3. Ali məktəblərə qəbul olunması haqqında müvafiq sənəd təqdim edən Azərbaycan vətəndaşlarına müvafiq banklar tərəfindən faizsiz təhsil kreditlərinin verilməsini;
4. Təhsilin səviyyəsinin yüksəldilməsi məqsədi ilə ali, orta ixtisas və orta ümumtəhsil məktəblərinin maddi-texniki bazasının yaxşılaşdırılmasını, "hər məktəbliyə kompüter, hər kəndə yüksək sürətli internet" proqramının həyata keçirilməsini;
5. Bütün səviyyəli dövlət təhsil müəssisələrində çalışan müəllimlərin, professor-müəllim heyətinin, elmi işçilərin və yardımçı heyətin əmək haqqının ən azı 3 dəfə artırılmasını;
6. Gənc nəslin təhsilə, elmə marağının artırılması üçün gənc alimlərin sosial müdafiəsinin gücləndirilməsini;
7. Ölkəmizdə təhsilin səviyyəsi yüksək standartlara çatdırılana qədər, Təhsil Nazirliyi tərəfindən, müvəqqəti olaraq, bütün təhsil müəssisələrində tədris prosesinin təşkilinin yüksək səviyyəyə çatdırılması üçün müvafiq Proqramın hazırlanmasını, ictimaiyyətin nümayəndələrinin iştirakı ilə onun icrasına nəzarətin təşkil edilməsini.
BAXCP hesab edir ki, qeyd olunan istiqamətlərdə əsaslı tədbirlərin həyata keçirilməsi Azərbaycanda elmin və təhsilin səviyyəsinin yüksəldilməsinə imkan yarada bilər.
Modern.az