Modern.az

Avropanın 50 lideri Londonda görüşəcək - Paşinyan da GEDİR

Avropanın 50 lideri Londonda görüşəcək - Paşinyan da GEDİR

16 İyul 2024, 09:22

Bu həftə Avropa Siyasi Birliyinin növbəti sammiti keçiriləcək.

 

Modern.az xəbər verir ki, sammit 18 iyul 2024-cü il tarixində Böyük Britaniyanın Vudstok şəhərindəki Blenheym sarayında baş tutacaq.

 

Sammitdə Avropa Siyasi Birliyinin əvvəli sammitində iştirak edən dövlətlərin liderlərinin iştirakı gözlənilir. Britaniya hökuməti 50-yə yaxın liderin iştirak edəcəyini bəyan edib.

 

Qeyd edək ki, Birliyin bundan əvvəlki sammiti İspaniyanın Qrenada şəhərində keçirilib. Sayca üçüncü sammitə 50-yə yaxın ölkə dəvət olunub. Avropa İttifaqına (Aİ) üzv olan 27 dövlətin, Ukrayna, Ermənistan, Moldova, Gürcüstan, Balkan ölkələri daxil olmaqla 20 tərəfdaş və namizəd ölkənin liderləri Avropanın gələcəyini müzakirə etmək üçün Qranadada toplanıb. Azərbaycan Prezidenti İlham Əliyev Fransanın təxribatçı mövqeyinə görə sammitdə iştirakdan imtina edib. Məlumata görə, rəsmi Bakı Azərbaycan-Ermənistan-Fransa-Almaniya-Avropa İttifaqı Şurası formatında beştərəfli görüşdə Türkiyənin də iştirak etməsini təklif edib. Rəcəb Tayyib Ərdoğan da sammitdə iştirak etməyib. Mətbuat səfərin ləğv edilməsini onun səhhəti ilə əlaqələndirir.

 

Avropa Siyasi Birliyi adlı sammitin məqsədi ümumi maraq doğuran məsələlərin həlli üçün siyasi dialoqu və əməkdaşlığı inkişaf etdirmək, Avropa qitəsinin təhlükəsizliyini, sabitliyini və rifahını gücləndirməkdir. Bu siyasi koordinasiya platforması heç bir mövcud təşkilatı, strukturu və ya prosesi əvəz etmir, hazırkı mərhələdə yeni təşkilat, struktur yaratmaq məqsədi daşımır. Daha əvvəlki sammitlər Çexiya və Moldovada keçirilib. Azərbaycan hər iki sammitdə ən yüksək səviyyədə iştirak edib.

 

Bir çox lider Londonda keçiriləcək sammitdə iştirak edəcəyini bəyan edib. Həmçinin Ermənistan Baş naziri Nikol Paşinyanın da sammitdə iştirak edəcəyi təsdiqlənib.

Whatsapp
Bizə yazın!
Keçid et
Paşinyan orduya nəzarəti itirdi-Generallardan atəş əmri