Modern.az

İşıqlı yolun yolçusu 

İşıqlı yolun yolçusu 

Ədəbi̇yyat

4 İyul 2024, 16:51

İnsan ömrü kitab kimidir, vərəqlədikcə sehrinə düşürsən...

Kitablar təkcə elm deyil, həm də işıq mənbəyidir.

Zülmətlərə işıq salır, qaranlığı aydınlığa qovuşdurur kitablar...

İşıqlı adamların əl işidir kitablar.

O, düz 35 ildi 'kitablar adası"nın sakinidir. 35 ildi kitablar onun yoluna işıq tutur. O isə kitablar vasitəsilə qaranlığa işıq salır...

Söhbət yubiley yaşına çatan dəyərli bir ziyalı xanımdan gedir. Həyatının ən mənalı illərini kitabların arasında keçirən Zinharə Həsənovadan danışırıq.... 

Onun kitablara olan sevgisinin yaşı təxminən öz yaşı qədərdir. Kitab sevgisi lap erkən yaşlarından başlayır. Tay-tuşları gəlincikləri əzizləyəndə o, kitablarla yatıb-qalxıb. Kitabların arasında böyüyüb, kitablarla pərvəriş tapıb. Elə o vaxtdan da bütün ömrünü kitablara həsr edib Zinharə xanım. 

Zinharə Həsənova ölkənin adlı-sanlı, tanınmış kitabxanaçılarından biridir. 35 ildir kitabların spesifik qoxusundan mənəvi zövq alır. Bu yol 1989-cu ildən başlayıb. Ölkənin ən adlı-sanlı təhsil ocaqlarından olan Azərbaycan Dövlət Pedaqoji Universitetində kitabxanaçı kimi işə başlayıb. Mənəvi sərvətimiz olan kitabların qorunması, gələcək nəsillərə ötürülməsi üçün gecəsini gündüzünə qatıb. Bu uzun illər ərzində çoxlu sayda kitabxanaçıların yetişməsinə birbaşa rəhbərlik edib. Gənc kadrlara dayaq olub, onların püxtələşməsində əməyini əsirgəməyib. Azərbaycanda kitabxanaçı peşəsinin nüfuzu onun kimi tələbkar, məsuliyyətli, işinə vicdanla yanaşan kadrların çiynində dayanıb. Əziyyəti yerdə qalmayıb, dövlətimiz tərəfindən layiq olduğu qiyməti alıb. Çoxillik zəhmətin nəticəsində 2019-cu ildə ADPU-nun Kitabxana İnformasiya Mərkəzinə direktor təyin olunub. Çoxlu sayda diplomun, Fəxri Fərmanın, "Azərbaycan bayrağı" mükafatının sahibidir. ADPU-nun yaradılmasının 100 illiyi münasibətilə elm və təhsil naziri Emin Əmrullayev tərəfindən Fəxri Fərmanla təltif edilib. 

Kitabxanaçı kimi müqəddəs bir peşənin sahibi olan Zinharə Həsənova öz işinin vurğunudur. O, gecə-gündüz çalışsa da, peşəsindən mənəvi zövq aldığı üçün heç vaxt yorulmur. Bildiyini gənc kadrlara öyrədir, onların peşəkar mütəxəssis kimi yetişməsi üçün əlindən gələni əsirgəmir. Əlindəki kitab adlı işıqla gənc kadrların, o cümlədən, tələbə-gənclərin yoluna işıq tutur. Ölkəmiz Zinharə Həsənova kimi ziyalıların işığı ilə gündən-günə aydınlığa qovuşur.

Yubileyiniz mübarək, Zinharə xanım. Yolunuz həmişə işıqlı olsun… 


 

Seymur VAQİFOĞLU

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Azərbaycanlı İranda qalib gəldi-İlham Əliyev Bakıya dəvət etdi