Modern.az

Azərbaycanın İrandakı SƏFİRLƏRİ

Azərbaycanın İrandakı SƏFİRLƏRİ

Reportaj

27 Yanvar 2023, 15:44

Azərbaycan Respublikasının İrandakı Səfirliyinə qarşı həyata keçirilmiş xain terror hücumu qonşu ölkədəki diplomatik missiyamıza diqqəti artırıb.

Modern.az-ın məlumatına görə, müstəqil Azərbaycanın İranla diplomatik münasibətləri hələ 1918-ci ildən qurulmağa başlayıb. Belə ki, o dövrə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti (AXC) 1918-ci ilin sentyabrında özünün İrana ilk diplomatını - işlər vəkilini təyin etməyi qərara alır.
Lakin İran tərəfi ilk vaxtlar AXC ilə diplomatik əlaqələr qurmaqdan imtina edir. O zaman İran Azərbaycan adlı müstəqil dövləti tanımaq istəmirdi.

Nəhayət 1919-cu ilin martında Azərbaycan Xalq Cümhuriyyəti Tehrana fövqəladə missiya göndərməyə nail oldu. İsmayıl xan Ziyadxanovun başçılıq etdiyi bu missiya İrandakı şah hökuməti ilə Azərbaycan arasında diplomatik nümayəndəliklər açmaq təklifini müzakirə etdi.

1919-cu ilin iyulun 16-da AXC hökuməti İranda diplomatik nümayəndəlik açmaq barədə qərar qəbul etdi.


Azərbaycan hökumətinin 1 avqust 1919-cu il tarixli qərarına əsasən, Azərbaycanın Tehranda diplomatik nümayəndəliyi təsis edildi və xarici işlər nazirinin müavini Adil xan Ziyadxanov Azərbaycan Xalq Cümhuriyyətinin İrandakı ilk diplomatik nümayəndəsi təyin edildi.

1920-ci il, fevralın 4-də Ənzəlidə Azərbaycanın vitse-konsulluğu yaradıldı. 1920-ci ilin aprelin 1-də isə Azərbaycan dövlətinin Təbrizdə baş konsulluğu, Rəştdə konsulluğu, Məşhəddə vitse-konsulluğu, Əhər və Xoy şəhərlərində isə konsul agentlikləri təsis edildi.

Təəssüf ki, Azərbaycan Xalq Cümhuriyyətinin 1920-ci il aprelin 28-də bolşeviklər tərəfindən işğal edilməsi Şərqin bu müstəqil dövlətinin süqutu ilə nəticələndi. Cümhuriyyətin xarici dövlətlərdə, o cümlədən İranda açdığı səfirlik və nümayəndəliklər fəaliyyətlərini dayandırdı.

Nəhayət 70 ildən sonra müstəqilliyini bərpa edən Azərbaycan Respublikası yenidən xarici ölkələrdə, eləcə də İranda diplomatik nümayəndəlik təsis etdi.


1992-ci ildə Azərbaycan Respublikasının İranda ilk səfiri təyin edildi. Bu, tarix elmləri doktoru Nəsib Nəsibli idi.
N.Nəsibli 1992–1994-cü illərdə Azərbaycan Respublikasının İran İslam Respublikasında səfiri vəzifəsində çalışdı.


1994-cü ildə Tehrandakı diplomatik nümayəndəliyə rəhbərlik professor Əliyar Səfərliyə tapşırıldı. Mərhum Əliyar Səfərli (2017-də vəfat edib-red.) 1994–1998-ci illərdə Azərbaycan Respublikasının İran İslam Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsində çalışdı.


Daha sonra Azərbaycanın İrandakı fövqəladə və səlahiyyətli səfiri postu Abbasəli Həsənova həvalə olundu. O, həmin vəzifədə 11 ildən çox müddətdə işlədi. A.Həsənovun səfir fəaliyyəti 1998-2009-cu illəri əhatə edir.


2009-cu ildə Azərbaycan Respublikası İrana yeni səfir təyin etdi. Bu vəzifəyə Cavanşir Axundov təyinat aldı. Yeni səfir 7 il İranda çalışdı. 2016-cı ildə ölkə başçısının sərəncamı ilə Cavanşir Axundov Tehrandan geri çağırıldı.


Həmin ilin aprelində Bünyad Hüseynov Azərbaycanın İran İslam Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifələrinə təyinat aldı. O bu vəzifədə 7 avqust 2021-ci il tarixinə kimi işlədi.


2021-ci ildə Azərbaycan Respublikasnın İrandakı səfir dəyişdi. Prezidentin sərəncamı ilə 1978-ci il təvəllüdlü Əli Əlizadə Azərbaycanın İrandakı yeni səfiri təyin olundu.


Bu təyinatadək Ə.Əlizadə Azərbaycan Xarici İşlər Nazirliyi sistemində müxtəlif vəzifələrdə çalışıb. Daha sonra Təbriz şəhərində Azərbaycan Respublikasının baş konsulu, Pakistanda isə  fövqəladə və səlahiyyətli səfiri vəzifələrində işləyib.

Ə.Qafarlı

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır