Modern.az

Universitet mediası: Onların arasında hətta 4 min tirajı olan qəzet də var

Universitet mediası: Onların arasında hətta 4 min tirajı olan qəzet də var

Təhsil

29 Avqust 2014, 14:51


Modern.az
saytı universitetlərdə fəaliyyət göstərən mətbu orqanlarla maraqlanıb.

İlk tanışlıq Bakı Slavyan Universitetində nəşr olunan “Tələbə dünyası” qəzeti ilə başlayıb. Qəzetin məsləhətçisi, Yeni media və kommunikasiya texnologiyaları kafedrasının dosenti Xatirə Hüseynova deyir: “BSU-nun rəsmi orqanı sayılan “Tələbə dünyası” qəzetində rəsmi xəbərlərlə yanaşı, tələbələrin yaradıcılıqları ilə bağlı müxtəlif məqalələr, yazılar da dərc olunur. Biz onlara şərait yaradırıq ki, öz bacarıqlarını göstərsinlər. Yazıları bəzən yaxşı olmasa da, tələbələri həvəsdən salmırıq. Bakı Slavyan Universitetində təhsil alan tələbələr universitetin ictimai işlərində aktivdirlər. Müxtəlif elmi beynəlxalq konfranslarda, tədbirlərdə iştirak edirlər və bununla bağlı məqalələr, fotoreportaj və müsahibələr hazırlayırlar. Elə vaxt olur ki, qəzetdə yer olmur və o yazıları yerləşdirməkdə çətinlik çəkirik. Bizi sevindirən isə tələbələrin qəzet oxumağa həvəs göstərməsidir”.

Qəzetin baş redaktoru bu il BSU-da məzun olmuş Məltəm Talıbzadədir: “Artıq 2 ildir qəzetdə çalışıram. Qəzetimiz ayda 2 dəfə 8 səhifə olmaqla 3 min tirajla nəşr olunur. “Tələbə dünyası” universitetin daxilində baş verən bütün hadisələr işıqlandırılır. Yaradıcı heyət də elə BSU tələbələridir. İşimizə görə məvacib də alırıq. Aylıq qəzetlərimiz rəngsiz, adi vərəqdə olur. Xüsusi buraxılış isə rəngli kağızda “Azərbaycan” Nəşriyyatında nəşr olunur”.

Azərbaycan Dövlət İqtisad Universitetindən verilən məlumata görə. ADİU-da ayda bir dəfə 500 tirajla ictimai-siyasi “İqtisadçı” qəzeti nəşr olunur. Rübdə bir dəfə, üç dildə (Azərbaycan, ingilis və rus dilində) elmi “İqtisad elmləri: nəzəriyyə və praktika” və ildə iki dəfə elmi lisenziyalı, xarici indeksli “Economic Sciences: Theory and Practice” jurnalları işıq üzü görür.

Bakı Dövlət Universitetində isə əsası 1929-cu ildə qoyulan “Bakı Universiteti” qəzeti 1947-ci ildən mütəmadi olaraq nəşr olunur. 1990-cı ilə qədər “Lenin tərbiyəsi” uğrunda adı ilə Azərbaycan və rus dili olmaqla iki dildə işıq üzü görən qəzetə müxtəlif illərdə Rəsul Rüstəmov, İsrafil Cahangirov, Yusif Yusifov, Seyfulla Əliyev, Nüsrət Bağırov, Aslan Aslanov, Vəli Məmmədov, Eldar Əliyev, Ağamusa Zeynalov, Bayram Hüseynzadə, Haqverdi Rzayev kimi jurnalistlər redaktorluq edib.

Hər ay oxucuların görüşünə gələn «Bakı Universiteti» qəzetində Solmaz Babaşova, Aynur Qurbanqızı, Tamella Müslümova, Kəramət Böyükçöl, Salam Muxtarov kimi peşəkar jurnalistlər, qələm sahibləri, texniki işçilər çalışır. 2010-cu ilin martından qəzetin baş redaktoru Anzulə Əmirovadır.

Tibb Universitetindən verilən məlumata görə, ATU-da “Təbib” adı ilə nəşr olunan qəzet ilk dəfə 1933-cü ildən “Tibbi kadr uğrunda” adı ilə nəşrə başlayıb. 1937-ci ildən isə “Medisina kadrları uğrunda” adı ilə nəşr olunub. 1941-ci  ildən müharibə ilə əlaqədar qəzet bir müddət fəaliyyətini dayandırıb. 1990-cı illərdən “Təbib” adı ilə nəşr olunur. Hazırda “Təbib”in baş redaktoru yazıçı, publisist Eldar İsmayılovdur.

Qəzet son 1 ildə 8 səhifə olmaqla ayda 2 dəfə 4 min tirajla nəşr olunur. Qəzetdə tələbələrin həm yerli, həm də xarici fəaliyyətləri əks olunur.  

Azərbaycan Respublikası Prezidenti Yanında İdarəçilik Akademiyasından verilən məlumata görə, akademiyada qəzet nəşr olunmur.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü