Modern.az

Dovşan illərində nələr olub? - 108 İLİN ARAŞDIRMASI

Dovşan illərində nələr olub? - 108 İLİN ARAŞDIRMASI

28 Dekabr 2022, 09:20

2022-ci il başa çatır və qarşıda bizi yeni il gözləyir. Şərq təqviminə əsasən sayılı günlərdən sonra qədəm qoyacağımız 2023-cü il dovşan ili olacaq.

 

İndiyədək yaşanan dovşan illərində nələr baş verib?  Bu illər hansı hadisələrlə yaddaşda qalıb?

 

Modern.az ötən əsrin ilk dovşan ili - 1903-cü ildən bəri bəşəriyyətin taleyindən keçən dovşan illərində olan vacib siyasi-ictimai hadisələri, eləcə də tarixə düşən digər vacib olayları, məşhur insanların doğulması və ölümü ilə bağlı faktları toplayaraq təqdim edir.

 

Beləliklə, 1903, 1915, 1927, 1939, 1951, 1963, 1975, 1987, 1999 və 2011-ci illərdə baş verən hadisələrə nəzər salaq:

 

1903

 

 

Berlin-Bağdad dəmir yolunun tikilməsi ilə bağlı Almaniya və Osmanlı arasında müqavilə imzalanıb. Tiflisdə “Şərqi-Rus” qəzeti fəaliyyətə başlayıb.

 

Bakıda ilk ümumi tətil keçirilib. İstanbulda baş vermiş zəlzələdə 2000 nəfər həyatını itirib. Panama ABŞ-ın dəstəyi ilə Kolumbiyadan müstəqilliyini elan edib.

 

Rusiya Sosial-Demokrat Fəhlə Partiyası Londonda keçirilən yığıncaqda bolşeviklər və menşeviklər olaraq ikiyə bölünüb.

 

Türkiyənin 6-cı prezidenti Fahri Korutürk dünyaya gəlib.

 

1915

 

İtaliya Birinci Dünya müharibəsi çərçivəsində Avstriya-Macarıstana müharibə elan edib.

 

“Açıq söz” qəzeti fəaliyyətə başlayıb. ABŞ dramaturqu Artur Miller dünyaya gəlib. İtaliyanın Avezzano şəhərində güclü zəlzələ baş verib, 30 000 insan həyatını itirib.

 

Sarıqamış hərəkatında Çar Rusiyası Osmanlını məğlub edərək Anadolunun şərqini ələ keçirməyə başlayıb.

 

NASA-nın ilkin variantı olan NACA ABŞ-da fəaliyyətə başlayıb. Plutonun ilk dəfə fotoları çəkilib. Çanaqqala savaşı baş verib.

 

Osmanlıda Çar Rusiyasının işğal rejimi ilə əməkdaşlıq edən erməni əhali haqqında “Təhcir qanunu” qəbul edilib.

 

Pakistanın 7-ci prezidenti Qulam İshaq Xan dünyaya gəlib. Türk yazar Aziz Nesin anadan olub. Osmanlı və türk şairi Tofiq Fikrət vəfat edib.

 

1927

 

London və Nyu-York şəhərləri arasında ilk dəfə qitələrarası telefon danışığı olub. Almaniyada I Dünya müharibəsinin başa çatmasından bəri davam edən müttəfiqlərin hərbi nəzarət müddəti sonlanıb. Çinin Nankin vilayətində Çan Kayşi tərəfindən milli hökumət qurulub.

 

SSRİ-də Sosialist Əməyi Qəhrəmanı adı təsis olunub. SSRİ-də Leninqrad vilayəti yaradılıb.

 

Sovet Azərbaycanının II konstitusiyası qəbul edilib. Azərbaycan Kommunist (bolşevik) Partiyasının VIII qurultayı keçirilib. Azərbaycanlı kamança ifaçısı Habil Əliyev dünyaya gəlib.

 

Türkiyənin 8-ci prezidenti Turqut Özal anadan olub. Türkiyədə Qurtuluş Savaşı dövründən fəaliyyət göstərən İstiqlal Məhkəmələri ləğv olunub. İsveçdə ilk “Volvo” avtomobili istehsal olunub.

 

Türkiyənin İstanbul və Ankara şəhərlərində ilk radio yayıma keçib. Türkiyədə əhalinin ilk siyahıya alınması prosesi həyata keçirilib. Londonda ilk stolüstü tenis çempionatı gerçəkləşdirilib.

 

Ukraynada “Dinamo Kiyev” futbol klubu yaradılıb.

 

Otto Liman von Sanders (Liman Paşa) – Osmanlı və alman hərbi-siyasi xadimi vəfat edib.

 

1939

 

 

Moskvada Almaniya və SSRİ arasında bir-birinə hücum etməmək barədə Molotov-Ribbentrop paktı imzalanıb. Almaniyanın Polşaya hücum etməsi ilə II Dünya müharibəsi başlayıb.

 

Sovet qoşunları Polşaya daxil olub və Qərbi Ukrayna ilə Qərbi Belarus SSRİ-nin tərkibinə qatılıb.

 

SSRİ-nin Finlandiyaya hücumu baş verib və bu müharibəyə görə SSRİ Millətlər Cəmiyyətindən çıxarılıb.

 

Azərbaycanda ilk hərbi məktəb yaradılıb.

 

Güney Azərbaycandan olan məşhur yazıçı və siyasi xadim Səməd Behrəngi dünyaya gəlib.

 

Yazıçı, kinossenarist, prodüser, kinorejissor, ssenarist, kinodramaturq, nüfuzlu "Oskar" mükafatı laureatı, Azərbaycanın xalq yazıçısı, Azərbaycanın və Rusiyanın əməkdar artisti Rüstəm İbrahimbəyov, azərbaycanlı aktyor Taryel Qasımov anadan olub.

 

Görkəmli ictimai xadim Əhməd bəy Ağaoğlu vəfat edib. Azərbaycan şairi Mikayıl Müşfiq repressiya qurbanı olub.

 

Kolumbiya Universitetinin bir qrup alimi ilk dəfə uran atomunu parçalamağa müvəffəq olub.

 

Çilidə 8.3 ballıq zəlzələ olub və 28 min insan həlak olub.

 

İspaniyada vətəndaş müharibəsində respublikaçılar məğlub olub və diktator general Fransisko Franko hakimiyyəti tam ələ keçirib.

 

İtaliya II Dünya müharibəsinin gedişində Albaniyanı işğal edib.

 

Fransa və Türkiyə arasında hücum etməmək barədə saziş imzalanıb, Fransanın müstəmləkəçiliyində olan Hatay bölgəsi plebisitlə müstəqilliyini əldə etdikdən sonra Türkiyəyə birləşmək haqqında qərar qəbul edilib və bu qərar Fransa tərəfindən tanınıb.

 

Adolf Hitlerə qarşı ilk dəfə uğursuz sui-qəsd cəhdi təşkil olunub.

 

BBC kanalı fəaliyyətə başlayıb.

 

Türkiyənin Ərzincan şəhərində zəlzələ olub, 33 min insan həyatını itirib, 100 mindən çox insan isə evsiz qalıb.

 

Psixoanaliz nəzəriyyəsinin yaradıcısı, yəhudi əsilli avstriyalı psixoneyroloq Ziqmund Freyd ölüb.

 

I Dünya müharibəsinin Çanaqqala döyüşlərində məşhurlaşan türk hərbçisi, “Seyid Onbaşı” ləqəbli Seyid Ali Çubuk vəfat edib.

 

1951

 

 

Paris müqaviləsi ilə Fransa, Almaniya, İtaliya və Benilüks ölkələri tərəfindən Avropa İttifaqının ilkin variantı olan Avropa Kömür və Polad Birliyi qurulub.

 

ABŞ konstitusiyasına 22-ci əlavə edilib və bununla prezidentlər yalnız iki dəfə, hər birində 4 il olmaqla ümumilikdə 8 il üçün seçilə bilərlər.

 

ABŞ-ın San-Fransisko şəhərində Yaponiya və 48 dövlət arasında sülh müqaviləsi imzalanıb.

 

Almaniya Federativ Respublikası ərazisində II Dünya müharibəsinin başa çatmasından bəri davam edən işğal rejimi ləğv olunub.

 

Azərbaycanlı aktyor və rejissor Yaşar Nuri dünyaya gəlib.

 

Türk şairi, sol ədəbiyyatın görkəmli nümayəndəsi Nazim Hikmət Nazirlər Kabinetinin qərarı ilə Türkiyə vətəndaşlığından çıxarılıb.

 

1963

 

Küveyt Birləşmiş Millətlər Təşkilatının üzvü olub.

 

İlk qadın kosmonavt Valentina Tereşkovanı daşıyan “Vostok-6” hava gəmisi kosmosa buraxılıb.

 

ABŞ, SSRİ və İngiltərə arasında nüvə silahının atmosferdə, kosmik fəzada və sualtında sınaqlarının qadağan edilməsi haqqında saziş imzalanıb.

 

Böyük Britaniyanın müstəmləkəsi olan Afrika ölkəsi Keniya müstəqilliyini elan edib.

 

İranda qadınlara müəyyən şərtlərlə seçki hüququ verilib. Britaniya müğənnisi Corc Maykl dünyaya gəlib.

 

Azərbaycanlı idmançı, stend atıcısı Zemfira Meftəhəddinova anadan olub. ABŞ müğənnisi Vitni Hyuston həyata göz açıb.

 

ABŞ prezidenti Con Kennedi sui-qəsd nəticəsində öldürülüb. Türk şairi Nazim Hikmət vəfat edib.

 

İlk anime film olan “Tetsuwan Atomu” Yaponiyada yayımlanıb.

 

Türkiyədə Ulus faciəsi yaşanıb, ABŞ və Türkiyə təyyarələri Ankaranın Ulus bölgəsində havada toqquşaraq yerə çırpılıb, 104 nəfər həyatını itirib.

 

İndoneziyada Aqunq vulkanı püskürüb, 1500 nəfər həlak olub.

 

Efiopiyanın Əddis-Əbəbə şəhərində Afrika İttifaqı Təşkilatı yaradılıb. “Lamborghini” şirkəti təsis olunub.

 

İslandiyanın cənubunda vulkan püskürməsi nəticəsində Sartsi adası əmələ gəlib.

 

Türk müğənnisi Candan Erçetin dünyaya gəlib. Türkiyəli ifaçı Hülya Avşar həyata göz açıb. Məşhur türkiyəli futbolçu Oğuz Çetin anadan olub.

 

Tanınmış amerikalı aktyor, rejissor və ssenarist Kventin Tarantino dünyaya gəlib. ABŞ aktyoru Bred Pit anadan olub.

 

Amerikalı aktyor Con Dep dünyaya gəlib.

 

1975

 

Afrika ölkəsi Anqola Portuqaliya müstəmləkəçiliyindən çıxaraq müstəqilliyini elan edib.

 

“Microsoft” korporasiyasının əsası qoyulub. Livanda 15 il davam edəcək vətəndaş müharibəsi başlayıb.

 

Mozambik Portuqaliyadan müstəqilliyini elan edib. Kabo Verde Portuqaliyadan ayrılaraq müstəqil olub. Komor adaları Fransanın müstəmləkəçiliyindən çıxıb.

 

Franko diktaturası başa çatıb və şahzadə Xuan Karlosun İspaniya kralı olub, ölkə monarxiya (konstitusiyalı) üsul-idarəsinə qayıdıb. Latın Amerikası ölkəsi olan Surinam Niderlanddan müstəqilliyini elan edib.

 

Şərqi Timor İndoneziya tərəfindən işğal olunub.

 

Amerikalı aktrisa Ancelina Coli dünyaya gəlib. Türkiyədə “TRT” radiosu fəaliyyətə başlayıb. Kipr adasının şimalında Kipr Türk Federal Dövləti yaradılıb. Səudiyyə kralı Faysal qohumu tərəfindən qətlə yetirilib.

 

Yunanıstanda keçirilən referendumla respublika elan edilib.

 

Türkiyədə Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Alparslan Türkeşin Diyarbakıra səfəri ilə iğtişaşlar başlayıb və 46 nəfər yaralanıb, 3 nəfər həyatını itirib.

 

Türkiyənin Avstriyadakı səfiri Hüseyn Daniş Tunalıgil Vyana şəhərində erməni terrorçuları tərəfindən qətlə yetirilib.

 

Milliyyətçi türk şairi Hüseyn Nihal Atsız vəfat edib.

 

Türk müğənniləri Funda Arar, Ziynet Sali, Burcu Güneş, aktyor Mehmet Günsür dünyaya gəliblər.

 

1987

 

 

Vaşinqtonda SSRİ ilə ABŞ arasında tarixdə ilk dəfə olaraq qısa mənzilli raketlərin məhv edilməsi haqqında saziş imzalanıb.

 

İşgəncələrə qarşı Avropa Konvensiyası qəbul edilib.

 

Məkkə şəhərində İran zəvvarlarının düşmən ölkələrə etiraz keçirməsi zamanı Səudiyyə Ərəbistanı təhlükəsizlik qüvvələri ilə toqquşma yaşanıb, 400-dən çox insan ölüb.

 

Türkiyədə 1980 çevrilişi zamanı hərbi rejim tərəfindən qoyulan qadağaların aradan qaldırılması ilə bağlı referendum keçirilib, səs çoxluğu ilə yasaqlar ləğv olunub.

 

Mixail Qorbaçov SSRİ-nin dövlət başçısı olub. İspan futbolçu Jerar Pike anadan olub.

 

Argentinalı futbolçu Lionel Messi dünyaya gəlib. Rusiyalı tennisçi Mariya Şarapova anadan olub. Türk futbolçu Arda Turan, aktrisa Sinem Kobal dünyaya gəlib.

 

Türkiyənin 6-cı prezidenti Fahri Korutürk, aktrisa Adile Naşit dünyasını dəyişib.

 

1999

Polşa, Macarıstan və Çexiya NATO-ya üzv olub. Avropada avro pul vahidi tədavülə buraxılıb. Ehud Barak İsrailin baş naziri seçilib.

 

II Çeçenistan müharibəsi başlayıb. NATO Kosova müharibəsinə müdaxilə edib.

 

Makao adası Portuqaliya tərəfindən Çinə verilib. ABŞ Panama kanalına nəzarəti Panamaya ötürüb.

 

Azərbaycan, Özbəkistan və Gürcüstan Kollektiv Təhlükəsizlik haqqında Müqaviləni tərk edib.

 

Bakı-Supsa neft kəməri istifadəyə verilib. Azərbaycanda ilk bələdiyyə seçkiləri keçirilib. Azərbaycan Respublikasının Neft Fondu yaradılıb.

 

Bülent Ecevit növbəti dəfə Türkiyənin baş naziri seçilib.

 

PKK terror təşkilatının lideri Abdullah Öcalan Keniyanın Nayrobi şəhərində saxlanılaraq Türkiyəyə gətirilib.

 

Türkiyənin İstanbul şəhərinin də daxil olduğu Mərmərə regionunda 7.5 ballıq zəlzələ baş verib, 18 mindən çox insan həyatını itirib, 50 minə yaxın insan yaralanıb.

 

Dünya əhalisi 6 milyarda çatıb. ATƏT-in İstanbul sammiti keçirilib.

 

Avropa İttifaqının Helsinki sammitində Türkiyəyə namizədlik statusu verilib.

 

Azərbaycan bəstəkarı Rauf Hacıyev dünyasını dəyişib. Məşhur türk müğənnisi Barış Manço vəfat edib.

 

Mixail Qorbaçovun həyat yoldaşı Raisa Qorbaçova ölüb.

 

2011

 

 

Estoniya avrozonaya daxil olub. Cənubi Sudan müstəqilliyini elan edib.

 

Ərəb baharı yaşanıb, Tunisdə Zeynalabdin Bin Əli, Liviyada Müəmmər Qəddafi hakimiyyətlərini itirib, ikinci etirazçılar tərəfindən öldürülüb.

 

Ərəb baharı dalğasında Misirdəki etirazlardan sonra 30 illik diktator Hüsnü Mübarək məcbur qalaraq istefa verib.

 

Yaponiyada 8.9 ballıq dağıdıcı zəlzələ baş verib, sunami faciəsi yaşanıb və Fukusima AES-də qəza olub. 19 minə yaxın insan həlak olub.

 

Əl-Qaidə terror təşkilatının lideri Usama Bin Laden Pakistanda öldürülüb.

 

Yeni Zelandiyada 6.3 ballıq zəlzələ baş verib, 180-dən çox insan həyatını itirib.

 

Rusiyanın Moskva şəhərindəki Domodedovo hava limanında terror aktı törədilib, 37 nəfər həlak olub, 100-dən çox insan yaralanıb.

 

Braziliyada eynicinsli şəxslərin rəsmi nikaha daxil olmasına icazə verilib. İslandiyada Qrimsvötn vulkanı püskürüb.

 

Soyqırım, müharibə və insanlıq əleyhinə cinayətlər törədən Radko Mladiç həbs olunub.

 

Neptun planeti kəşf olunduğu 1846-cı ildən bəri Günəş ətrafında ilk dövr etməsini tamamlayıb.

 

Norveçin Oslo şəhərində terrorçu Andres Breyvik 70-dən çox insanı öldürüb.

 

Türkiyənin Van şəhərində güclü zəlzələnin baş verməsi nəticəsində 600-dən çox insan həyatını itirib.

 

ABŞ İraq müharibəsinin başa çatdığını elan edib. Şimali Koreyanın dövlət başçısı Kim Çen İr ölüb və onu oğlu Kim Çen İn əvəz edib.

 

İran şahzadəsi Əli Rza Pəhləvi dünyasını dəyişib. Türkiyəli siyasətçi, sabiq baş nazir Nəcməddin Ərbakan vəfat edib.

 

Əfqanıstanın keçmiş prezidenti Bürhanəddin Rəbbani dünyasını dəyişib. “Apple” şirkətinin qurucusu Stiv Cobs vəfat edib.

 

Səudiyyə Ərəbistanın keçmiş kralı Sultan Bin Əbdüləzizi Əl Səud həyatını itirib. Türkiyənin sabiq baş naziri Adnan Menderesin oğlu, siyasətçi Aydın Menderes dünyasını dəyişib.

 

Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında strateji enerji əməkdaşlığına dair memorandum imzalanıb. Azərbaycan BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilib.

 

Dünya əhalisi 7 milyard nəfərə çatıb.

 

“Mədəniyyət” telekanalı fəaliyyətə başlayıb.

 

Azərbaycanlı müğənni Rüfət Mehdiyev, meyxanaçı Məşədibaba, aktyor Elçin Həmidov, aktyor və ictimai xadim Anar Məmmədxanov, xanəndə Qədir Rüstəmov dünyasını dəyişib.

 

Bundan əlavə, britaniyalı musiqiçi Emi Vaynhaus, amerikalı aktrisa Elizabet Teylor vəfat ediblər.

 

Üzümüzə gələn 2023-cü ildə hansı hadisələrin baş verəcəyini isə zaman göstərəcək...

Whatsapp
Bizə yazın!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub