Modern.az

Lavrovun Bakıya, Əliyevin İrəvana verdiyi mesajlar - Sabiq nazirin şərhi

Lavrovun Bakıya, Əliyevin İrəvana verdiyi mesajlar - Sabiq nazirin şərhi

Analitika

28 Fevral 2023, 15:16

Rusiya və Azərbaycan arasında Müttəfiq Əməkdaşlıq haqqında Bəyannamənin imzalanmasının birinci ildönümündə Sergey Lavrov Bakıya səfər edib. Dünən axşam Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qəbul edilən Rusiyanın baş diplomatı bu gün həmkarı Ceyhun Bayramovla görüşüb və nazirlər birgə mətbuat konfransı keçirib. 

 

Prezident İlham Əliyev Rusiyanın XİN başçısını qəbul edərkən söyləyib ki, ötən ilin oktyabrında Praqada və Soçidə qəbul edilmiş sənədlər sülh müqaviləsinə nail olmaq üçün istifadə edilə bilən təməldir: “Hər halda biz bu düşmənçilik səhifəsini tezliklə çevirmək və Cənubi Qafqaza sülhü qaytarmaq üçün Ermənistan tərəfi ilə, bizim dostumuz və qonşumuz Rusiya tərəfi ilə müsbət və konstruktiv iş aparmaq əzmindəyik”.

 

Lavrov isə bildirib ki, regional təhlükəsizlik bizim həm ikitərəfli, həm də çoxtərəfli münasibətlərimizdə olduqca aktual mövzu kimi qalır. "Prezident Putinin dəfələrlə dediyi kimi, biz vəziyyətin sabitləşməsi, bu regionda yerləşən bütün ölkələrin normal, qarşılıqlı hörmət və qarşılıqlı fayda əsasında öz ölkələrinin və xalqlarının mənafeləri naminə əməkdaşlıq etmək imkanları olması üçün şərait yaradılmasına yönəlmiş bütün səyləri alqışlayırıq", - o, prezidentin qəbulunda bildirib.

 

Əslində Lavrov Bakıya niyə gəlib?

 

Sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov Modern.az-a açıqlamasında bildirib ki, Rusiyanın Qərbdə olan partnyorları sanksiyaya məruz qaldığı üçün cənuba yönəlib.  

 

"Geopolitik vəziyyət əvvəlkindən çox fərqlidir. Azərbaycanın indiki mərhələdə mövqeyi çox güclüdür. Ukrayna müharibəsi nəticəsində Rusiyanın Qərbdə olan əsas siyasi və iqtisadi partnyorları sanksiya altındadır. Ona görə də adıçəkilən ölkənin maraqları cənuba yönəlib. Rusiyanın əsas iqtisadi əməkdaşlarından biri də məhz bu bölgədədir. Həmin dövlətlərə Türkiyə və İranı misal göstərmək olar. Bu cür görüşlərin mahiyyəti ondan ibarətdir ki, tərəflər öz maraqları arasında balans yaratsın. Hər iki ölkə də münasibətlərdə olan müəyyən nüansları gözdən keçirəcəklər. Həmçinin Ermənistanla Azərbaycan münasibətlərinə uyğun olaraq fikir mübadiləsi aparacaqlar", - deyə o bildirib.

 

1221049

 

Bu məqamda xatırladaq ki, Prezident İlham Əliyev Münhendə çıxışı zamanı Azərbaycan-Ermənistan sərhədində nəzarət-buraxılış məntəqələrinin yaradılmasını təklif edib. "Biz kommunikasiyaların açılması haqqında danışırıqsa, əlbəttə ki, həm Zəngəzur dəhlizinin hər iki başında, eyni zamanda, Laçın rayonu ilə Ermənistan arasındakı sərhəddə nəzarət-buraxılış məntəqələri yaradılmalıdır", - dövlət başçısı deyib.

 

Prezidentin Münhendə qaldırdığı məsələyə toxunan T.Zülfüqarov vurğulayıb ki, Laçın dəhlizində nəzarət buraxılış məntəqələri quraşdırılmalıdır:

 

"Bildiyimiz kimi, azərbaycanlı ekofəalların Laçın-Xankəndi yolunda təşkil etdiyi aksiya 79 gündür davam edir. Artıq vaxt çatıb ki, yola Azərbaycan dövlət qurumları nəzarət etsin. Ermənilərin təbliğatı ondan ibarətdir ki, guya Qarabağda yaşayan etnik ermənilər blokada şəraitindədir. Təbii ki, bunun belə olmadığını hər kəs bilir. O bölgədə hələ də rus sülhməramlıları fəaliyyət göstərirlər. Onların bu məsələdə hansı şəkildə iştirak edəcəyi də müzakirə mövzularından biridir. Qarabağda hələ də təhlükəsizlik işlərini Rusiya sülhməramlıları yerinə yetirir. Hesab edirəm ki, müzakirə olunan müvzulardan biri Azərbaycan dövlət qurumlarının Laçın dəhlizinə nəzarət etməsidir. Bununla bağlı praktiki addımların atılması da istisna deyil. Çünki məsələ ilə bağlı Azərbaycan tərəfi artıq öz təklifini irəli sürüb".

 

Politoloq söyləyib ki, Paşinyan və komandasından real addımlar gözlənilir:

 

"Azərbaycanın əvvəldən məqsədi o idi ki, Ermənistan Qarabağ ərazisindən çıxsın. Sonda bu işi ölkəmiz özü gördü. İndi isə Ermənistan tərəfindən praktiki addımlar atılmalıdır. Bəziləri deyirlər ki, ekoaktivistlərin aksiyası dayandırılacaq. Ancaq bu məntiqə uyğun olan bir şey deyil. Sadəcə Laçın dəhlizində aktivistlərin yerinə Azərbaycanın dövlət orqanları olmalıdır".

 

Rahib Ələsgərov

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı