Modern.az

Cənubi Qafqazın siyasi tablosu dəyişir: Rusiya kənarlaşdırılır?

Cənubi Qafqazın siyasi tablosu dəyişir: Rusiya kənarlaşdırılır?

31 Mart 2023, 09:28

Ukraynadakı müharibənin fonunda Rusiyanın zəifləməsi və savaşın əvvəlində rəsmi Moskvanın qoyduğu maksimalist hədəflərə çata bilməməsi tədricən onun ənənəvi təsir zonası hesab edilən regionlarda, o cümlədən postsovet məkanında və Cənubi Qafqazda geopolitik mənzərənin dəyişməsinə gətirib çıxarır.

 

Bəs proses haraya doğru gedir və yekun nəticə necə olacaq? Qərb imperialist Rusiyanı bölgədən tam kənarlaşdırmağa müvəffəq olacaqmı?

 

Mövzu ilə bağlı Modern.az-a danışan politoloq Qabil Hüseynli qeyd edib ki, Azərbaycan öz hədəflərinə çatmaq üzrədir. Onun fikrincə, ilk olaraq regionda aparıcı meyli müəyyənləşdirmək lazımdır. Çünki bu, gələcək siyasi-iqtisadi düzəni, dövlətlərarası münasibətləri və bölgədəki proseslərin demokratik yaxud qeyri-demokratik istiqamətdə irəliləməsinin xarakterini müəyyənləşdirəcək:

 

"Məncə, Azərbaycanın bilavasitə nəzarətində olan proseslər mütərəqqi xarakter daşıyır. Ölkəmiz istədiyi hədəflərə çatmaq üzrədir. Ermənistanla sülh müqaviləsinin imzalanması daha mümkün görünür. Bu proseslər Cənubi Qafqazda olan məsələlərə müəyyən stimul verə bilər".

 

 

Q.Hüseynli vurğulayıb ki, regionda Rusiyanın təsiri azalır və bölgədəki proseslər yüksələn xətt üzrə inkişaf etməkdədir:

 

"Qarabağda yaşayan ermənilər üzərində qan tökmədən suverenliyin yavaş-yavaş bərpa edilməsi proseslərin başqa bir istiqamətidir. Üstəlik, İranın bölgəyə təzyiqlərinin boşa çıxdığı və onlara qarşı koalisiyanın yarandığı bir vaxtda demək olar ki, Cənubi Qafqaz regionu imperialist basqılardan xilas olmağa doğru gedir. Nəticə etibarilə bu bölgənin sivilizasiyalı dünyaya inteqrasiya prosesi də davam edir.

 

Ümumiyyətlə, qeyd etmək lazımdır ki, bölgədə Rusiyanın mövqeləri sıxışdırılır. Başda ABŞ olmaqla, Qərb qüvvələri Cənubi Qafqaza təsir gücünü artırır. Yəni regionda baş verən proseslər Qərbin təlqin etdiyi kimi inkişaf edir. Bu nöqteyi-nəzərdən deyə biərik ki, region üzərində İran və Rusiyanın təsirləri zəifləməkdədir".

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?