Modern.az

Nəticəni Oğan və İnce müəyyən edəcək - Siyasi şərhçi

Nəticəni Oğan və İnce müəyyən edəcək - Siyasi şərhçi

2 May 2023, 10:35

Türkiyədə seçkilərə sayılı günlər qalır. Təbliğat-təşviqat kampaniyası sona yaxınlaşdıqca, prezidentliyə namizədlər səslərini artırmaq üçün əllərindən gələni edirlər. Keçirilən mitinqlər, seçici görüşləri, rəy sorğuları nəticələr barədə nə deyir? Bunlara nəzər salaraq seçki axşamı açıqlanacaq rəqəmləri təxmin etmək mümkündürmü?

 

Seçki kampaniyası vətəndaşların səsvermə ilə bağlı qərarlarına nə dərəcədə təsir göstərir?

 

Mövzu ilə bağlı Modern.az-a danışan Qafqaz Strateji Araşdırmalar Mərkəzinin (QAFSAM) sədr müavini Nazim Cəfərsoy bildirib ki, bütün partiyaların bərabər işlədiyi anket firmaları var.

 

"Mən əslində anketlərin böyük bir hissəsinə tərəfli baxıram. Hər partiyanın və qurumun bərabər işlədiyi anket firmaları mövcuddur. Anketlərin adətən iki nəticəsi çıxır. Bunlardan biri olan real nəticələr ya heç açıqlanmır, ya da qismən açıqlayırlar. Digəri isə yönləndirmə anketidir. Bu, daha çox təbliğat işlərinə yarayır. İndi bizim mətbuatda olanlar da məhz yönləndirmə anketləridir. Onların içində öz səsini çoxaldıb, rəqibin səsini azaltmaq kimi dəyişikliklər edilə bilir. Açığı, mən bu anketlərin nə qədər obyektiv olması ilə bağlı məsələlərə şübhə ilə yanaşıram", - deyə o bildirib.

 

 

N.Cəfəsoy vurğulayıb ki, mitinqlər hər hansı bir göstərici rolunu oynamır: "Çünki mitinqdə iştirak etməyən, lakin seçki zamanı səsini verən insanlar kifayət qədər çoxdur. Onu da qeyd edim ki, partiyalar mitinq keçirəndə müəyyən fəndlərə əl atılır. Yəni həmin partiyalar ona səs verənlərin sayı harada çoxdursa, orada mitinq keçirirlər. Məsələn, CHP-nin ən güclü olduğu yerlərdən biri İzmirdir və onlar gedib orada mitinq edirlər. Məhz bu səbəblərə görə də mitinqlərdən nəticə çıxarmaq düzgün olmaz. Digər tərəfdən mitinqlər keçirilərkən, oraya avtobuslar gətirirlər, sıxlığın çox olduğunu nümayiş etdirmək istəyirlər. Məsələn, İzmirdə mitinq keçirilirsə, Manisadan, Aydından və digər ərazilərdən insanları avtobusla oraya gətirirlər. Ümumiyyətlə, vəziyyət budur ki, istər anket, istər mitinqlər vasitəsilə heç vaxt seçkinin nəticələri ilə bağlı obyektiv nəticələr əldə olunmayıb. Bütün anket şirkətləri içərisində yüzdən biri müəyyən qədər obyektiv yanaşmağa çalışır".

 

"Seçkilərin olmasına hələ 2 həftə var. Adətən seçki kampaniyalarında son 2-3 gün kritik önəm daşıyır. Ona görə də önümüzdəki günlərdə nələr olacağını görəcəyik. Məsələn, ən başda Muharem İncenin səsi çox görünürdü, indi isə azalıb. Ancaq digər tərəfdən Sinan Oğanın seçiciləri artmağa başlayıb. Həmçinin Kemal Kılıçdaroğlu namizədliyin ilk günlərində olanda qeyd edilirdi ki, 60 faiz səs toplayacaq. Lakin indi bu səs çoxluğunun 40 faizə qədər endiyi deyilir. Hələ bu onlar tərəfindən qəbul edilən göstəricidir. Mənim qənaətimə görə, hətta bu göstərici belə şişirtmədir. Artıq gözlənilən vaxta az qalıb və söz-söhbətlər yayılır ki, seçki ikinci tura qalacaq. Halbuki ən başda həm iqtidar, həm də müxalifət ilk turda qalib olacaqlarını deyirdi. Bu proseslərdə bütün tərəflər öz təbliğatlarını apardığı üçün məsələni obyektiv pəncərədən görmək çətindir. Son olaraq da bunu söyləyə bilərəm ki, seçkinin birinci və ya ikinci tura qalıb-qalmayacağını, nəticələrin kimin xeyrinə olacağını Sinan Oğan və Muharrem İncenin performansı müəyyən edəcək. Əgər onlar çox ciddi səs alsalar, seçki ikinci tura qalacaq", - deyə siyasi şərhçi qeyd edib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir