Modern.az

Vəziri-xani-Lənkəran

Vəziri-xani-Lənkəran

Aktual

11 Mart 2012, 20:40

Heybət Əmrah

Sən demə, biz hələ də xanlıqlar dövründə yaşaymışıq. Sadəcə olaraq indiki xanlarımız idarə olunur. Qalan bütün məsələlər eynilə xanlıq dövründəki kimidir. Lap elə xanlıqlar arasındakı mübarizə də. İndi biz bu mübarizənin ən qızğın dövrünü yaşayırıq.

Məlum hadisələrindən sonra hamı bildi ki, Quba xanı Rauf Həbibov lənkəranlı imiş. Bu xan özünü əsl xanlıq dövründəki kimi hiss edərək, xalqı təhqir edəcək qədər özünü sərbəst hiss etdi. Hərçənd ki, xan babalarımızın öz əyallarına qarşı belə təhqirə yol verdiyi haqda faktım yoxdur.

Amma Rauf Həbibovdan fərli olaraq Lənkəranda xanlıq çox müdrükcəsinə idarə olunur. Bu yaxınlarda bir dəstə jurnalistlə Lənkərana səfərimiz zamanı bunun canlı şahidi olduq.

Tədbirimiz İnsan Haqları Resurs Mərkəzində olacaqdı. Oteldə yerləşdikdən sonra ora yollandıq. Resurs mərkəzinin görkəmi bu xanlıqda insan haqlarının hansı səviyyədə olmasından xəbər verirdi. Elə tədbirimizə başlayırdıq ki, xanlığın vəziri Əlimərdan Əliyev cənablarının canişini özünü yetirdi. Yəni ki, bəs, olmaz. Cənab vəzir ictimai-siyasi məsələlərə baxır. O, bilməlidir ki, burda hansı söhbətlər gedir. Təbii ki, məramımız izah olundu. Söhbətimiz yalnız jurnalistika ilə bağlıdır. Necə deyərlər, sizin hökumətlə heç bir işimiz yoxdur.

Əlbəttə ki, cənab Əlimərdan siyasi sayıqlığını itirmir. Məcburən cənab vəzirin hüzuruna danışıqlar aparmaq üçün nümayəndə heyəti göndərməli oluruq. İki saata qədər davam edən danışıqlar nəhayət ki, sülh yolu ilə başa çatır. Razılaşmaya əsasən, tədbirimiz bir saatdan artıq davam etməməli, xanlıqdan heç bir yazı yazılmamalıdır.

Nümayəndə heyətimizin məlumatına görə, cənab vəziri narahat edən İranla vəziyyətin gərgin olmasıdır. Yəni, bilmərik, İranın əleyhinə nəsə deyərik, axırı pis olar. Tökəllər bombaları təpəmizə... Bir də, ən vacibi, cənab vəzirin siyasi sayıqlığını sübut edən bilirsiz nə idi? Cənab vəzir nümayəndə heyətimizə deyib ki, aramızda bir nəfər var ki, biz onu yaxşı tanımırmışıq. Bu kəs AXCP-nin həmin ərazi üzrə təşkilatının sədrinin qardaşı imiş.

Deyirəm, adamdakı fərasətə bax a... Hamını aldadıb. Yəni əsl sifətini hamıdan gizlədib. İndi beləsinə nə deyəsən?

Vəzirə söz verildiyi kimi tədbiri bir saatdan sonra bitirib otelə qayıtdıq. Davamını oteldə yola verdik. Amma ikinci sözün arxasında durammadıq. Yəni, yazı məsələsi... axı jurnalıstə yazmağı necə qadağan eləmək olar? Artıq bu yazı həmən səfərdən sonra yazılan üçüncü yazıdır...

İndi xanlıqda gördüklərimizdən bir kaç kəlmə. Bəlkə, ola bilsin, bəzi lənkəranlılar bizi bu yazıya görə qınayallar, amma qüsura baxmayın, bizim tayfa gördüyünü, bildiyini yazandı. Məsələn, şəhəri gəzəndə bir xala yaxınlaşdı, dedi ki, “bir jurnalist də olsa tapa bilmirik dərdimizi deyək”. Həmkarımız Aytən deyir: - Jurnalist biz. Nədir dərdin ay xala?
Xalanın dərdi o idi ki, ünvanlı sosial yardım ala bilmir. Yəni ki, onu incidirlər. Adını soruşanda cavab vermir. Ona görə də Lənkəranın səlahiyyətlilərinə üzümüzü tutub deyirik ki, sizə müraciət edən xalaları incitməyin.

Lənkəran çox sakit şəhər təsiri bağışladı mənə. Amma, necə deyərlər, gəzməli, görməli yerdir. Şəhərin mərkəzində onlarla böyük, hündürmərtəbəli, müasir binalar tikilirdi. Deyilənə görə, mənzillərin qiyməti çox bahadır, Bakıdakı qiymətlərdən o qədər də fərqlənmir.

Mən ilk dəfə görürdüm ki, çayxanada çayı stəkanla verirlər, hər yerdə olduğu kimi çayniklə yox. Elə ki, stəkanı boşaltdın, nə vaxt yenidən doldurulduğundan xəbər tutmaq çətindir. Çayçı oğlanın dediyinə görə, daha çay istəmirsənsə, stəkanı nəlbəkiyə böyrü üstə qoymalısan. Burda çayın da öz ləzzəti var. Böyük samovar gözümüzün qabağında, kömürlə qaynadılırdı.

...Qarşımızdakı avtobusun üzərində yazılmışdı: Ləvəngi dairəsi. Avtovağzala çatanda sürücü dedi ki, Ləvəngi dairəsi buradır. Soruşdum ki, bəs harda yazılıb? Dedi “Ləvəngi dairəsi” rəsmi ad deyil. Xalq qədimdən bura belə ad qoyub.

Lənkərandan ayrılanda hərəyə bir ləvəngi aldıq. Bundan sonra bizim evdə ilk dəfə ləvəngi yeyildi. Hamının xoşuna gəldi.

Az qala yadımdan çıxmışdı. Onu da deyim, ürəyimdə qalmasın. Haman Əlimərdan Əliyev vaxtilə Əlikram Hümbətovun da köməkçisi olub. Yoxsa vəziri? Onu dəqiq bilmirəm.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı