“Kür” Vətəndaş Cəmiyyəti Qərargahının ünvanına ittihamlar səsləndirlib. Həm də elə QHT sektorunda fəaliyyət göstərən şəxs tərəfindən.
“Kür Vətəndaş Qərargahı” adlı bir qurum yoxdur. Əslində belə bir qurumu kimlərsə beynəlxalq donorların hesabına yaradıblar, amma o qurum Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafı üçün heç bir xidmətdə bulunmur”.
Bu barədə Sosial Hüquqların Monitorinq Qrupunun koordinatoru Azad İskəndərli bildirib.
”Adıçəkilən qurumun yaranma təklifini mən 2010-cu ilin may ayında vermişdim. Bu təklifimi Vətəndaş Cəmiyyətinə Dəstək (VCDK) Koalisiyasının Şura iclasında, Razi Nurullayev və Rufiz Qonaqovun Ziya Bünyadov küçəsində yerləşən ofisində vermişdim. Orada iştirak edənlər hamısı bunun şahidi oldu. Mən də həmin an Sabirabaddan Kür çayının qırağından tələmtələsik VCDK-nın Şura İclasına gəldim ki, bu məsələni qaldırım. Çünki Kür çayı daşan dəqiqədən mənim qohum-əqrəbalarım evindən-eşiyindən didərgin düşdülər. Onda hələ Bakının xəbəri yox idi, ölkə ictimaiyyəti isə bu məsələyə çox adi bir şey kimi, “ötər, keçər” kimi baxırdı. Mən onda öz şəxsi vəsaitim hesabına Şirvan şəhərinə yerləşdirilmiş “Kür qaçqınlar”ına 1500 manatlıq vacib lazım olan əşyalar alıb paylamışdım və hər gün Sabirabad, Şirvan, Hacıqabul və Salyan rayonlarının müxtəlif yerlərində olurdum. Bu yardımım barədə də həmin iclasda qeyd etdim və ictimai bir qurumun yaradılmasını tələb etdim. Bu məsələ təxirə salınaraq dayandırıldı. Xeyli vaxt sonra aydın oldu ki, belə bir qurum yaranıb, koordinatoru da Oqtay Güləliyev adlı şəxs seçilib”-deyə A.İskəndərli qeyd edib.
Onun sözlərinə görə, “Kür” Vətəndaş Cəmiyyəti Qərargahını onun iştirakı olmadan yaradan şəxslər “Soros” Fondundan 55 min dollar qrant alıblar. Və bu qrantın əvəzinə “Kür” daşqınından zərər çəkmiş zəif iradəli insanlara “böyük vədlər” verərək rayonlarda müxtəlif iğtişaşlar yaratmağa başlayıblar.
”Savadsız insanları hakimiyyətin üzərinə qaldıraraq, hökumətin gördüyü işlərə kölgə salaraq, dövlətçiliyimizin imicinə ləkə vurmağa çalışdılar və bu gün də həmin proses davam edir.
Sosial Hüquqların Monitorinq Qrupu olaraq biz də monitorinqlər apardıq və məlum oldu ki, təkcə Sabirabadda evləri zərər görmüş insanlar üçün 536 ev tikilib və möhkəm, iri, bərk daşlardan çox etibarlı bəndlər vurulub. Bu işlər digər rayonlarda da çox perspektivli və yüksək səviyyədə aparılıb. Bunun da nəticəsidir ki, daşqından 2 il keçməsinə baxmayaraq heç yerdə bir sızıntı belə yoxdur”.
A.İskəndərli “ən “Kür Vətəndaş Qərargahı”nı idarə edənlərdən soruşuram o zamanlar siz harada idiniz və bu günə qədər hansı zərərçəkmişə 1 manat yardım etmisiniz?” deyə qarşı tərəfi qeyri-səmimilikdə ittiham edib:
”Yalnız və yalnız bu adamların yerlərdə mitinqləri, piketləri maliyyələşdirməkdən başqa işləri olmayıb. Guya yerlərdə İcmalar yaradıblar. Hamısı yalandır, dələduzluqdur. Onlar tapdıqları insanları rayonlarda yerli camaat çox yaxşı tanıyır. Mən dövlətdən və hüquq mühafizə orqanlarından xahiş edirəm bu insanlar barəsində qanunvericiliyə uyğun olaraq müvafiq qərar versinlər. Əks təqdirdə biz, 37 qeyri-hökumət və media qurumlarının birləşdiyi Sosial Hüquqların Monitorinq Qrupu adından məhkəmələrə üz tutacağıq və ölkəmizdə qeyri-qanuni fəaliyyət göstərən, dövlətçiliyimizin imicinə ləkə vurmağa çalışan bu insanlar haqqında ciddi tədbir görülməsini tələb edəcəyik”.
Mail Ağaxanov