Fövqəladə Hallar Nazirliyi Bakıdakı bir mənzildə 3 nəfərin ölməsi barədə məlumat yayıb. Modern.az-ın məlumatına görə, ötən axşam nazirliyin “112” qaynar telefon xəttinə daxil olmuş xəbərdə bildirilib ki, Bakı şəhəri, Nəsimi rayonunda mənzildə bağlı qapı arxasında 1 nəfər köməksiz vəziyyətdə qalıb.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, həmin şəxs giriş qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya vermir. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə üçmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsindəki mənzilə eyvandan daxil olublar. Mənzilə baxış keçirilərkən üç nəfər vətəndaş hərəkətsiz vəziyyətdə aşkarlanıb. Hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının həkimləri tərəfindən aparılmış ilkin müayinə nəticəsində vətəndaşların vəfat etdiyi müəyyən olunub. Qeyd olunan şəxslərin cəsədləri xilasedicilər tərəfindən aidiyyəti üzrə təhvil verilib.
Modern.az