Modern.az

Azərbaycan universitetlərinin xarici universitetlərlə tələbə mübadiləsi - PROBLEM

Azərbaycan universitetlərinin xarici universitetlərlə tələbə mübadiləsi - PROBLEM

Aktual

23 Mart 2012, 16:36

2005-ci ildən başlayaraq Azərbaycan universitetlərində Boloniya bəyənnaməsi tətbiq olunur. Boloniya prosesinin əsas müddəalarından biri xarici universitetlərlə tələbə və müəllim mübadiləsi aparmaqdır. Maraqlıdır, hazırda Azərbaycandakı hansı universitetlər tələbə mübadiləsi həyata keçirir?
Modern.az saytının əməkdaşı bunu araşdırmağa çalışıb.

21-ci əsr” Təhsil Mərkəzinin rəhbəri, təhsil üzrə ekspert Etibar Əliyev deyir ki, Azərbaycanda gerçəkləşdirilən Boloniya prosesi Avropa kriteriyalarına uyğun deyil. 

- Boloniya prosesesinin əsas şərtlərindən biri də tələbə mübadiləsi aparmaqdır. Bu, kredit toplamaq prosesi çərçivəsində həyata keçirilir. Boloniya prosesinə üzv olan ölkələrdə təhsil alan tələbələr üçün bütün baryelar aradan qalxır. Məsələn, Bakı Dövlət Universitetinin Biologiya fakültəsinin bir tələbəsi  Almaniyanın hansısa bir universitetində hanısa bir fəndən kredit toplamaq üçün gedib orada təhsil ala bilər. Həmçinin başqa ölkələrin tələbələri  bu və ya digər fəndən kredi toplamaq üçün Azərbaycana gələlə bilər. Təəssüflər olsun ki, bizdə bu proses çox ləng həyata keçirilir. Çox ciddi problemlər var. Birincisi dil baryeri aradan götürülməlidir və geniş dil hazırlığı həyata keçirilməldir. Söhbət təkcə danışıq dilindən getmir, ixtisaslar üzrə dili bilmək əsasdır. Məsələn, fiziki, kimya, biologiya üzrə İKT sahəsində dərslər ingilis və alman dili üzrə tədris olunmalıdır ki, tələbələr xaricdə əziyyət çəkməsinlər. Digər bir problem də maliyyədir. Tələbələrin maliyyə xərclərini kim ödəyəcək? Bu, problem olaraq qalır. Ali məktəblər bu məsələnin tərəfdarı deyil. Yəni konkret olaraq, hansısa tələbə ali məktəbin hesabına getsin və hansısa Avropa universitetində bir fəndən kredit balı toplasın.
Ona görə də, Boloniya prosesinin əsas şərtlərindən olan tələbə mübadiləsi Azərbaycanda çox zəif həyata keçirilir. Hətta belə deyək ki, bura təhsilin keyfiyyətinin qiymətləndirilməsini də əlavə etmək olar. Təhsilin keyfiyyətinin qiymətləndilməsi Avropa kriteriyalarına uyğun aparılmır. Təhsilin keyfiyyəti xüsusi önəm kəsb edir, xüsusilə təhsil proqramlarının eyniləşdirilməsi, tələbələrin fərdi tədris proqramlarının başqa universitetlərdəki tələbərlə fərdi tədris proqramaları ilə eyniləşdirilməsi məsələləri var. Təəssüflər olsun ki, bizdə Boloniya prosesinin əksinə bir proses həyata keçirildi. Boloniya sistemində nəzərdə tutulurki, təhsilin keyfiyyətinin qiymətləndirilməsi müstəqil qurumlara həvalə olunmalıdır. Amma Azərbaycanda Təhsil Nazirliyinin tərkibində Akkreditasiya şöbəsi yaradıldı və bu şöbə özlərinin verdiyi təhsilin keyfiyyətini qiymətləndirir. Yəni elə bunun özü Avropa kriteriyaların uyğun gəlmir. Buna görə də tələbə mübadiləsinin həyata keçirilməsi üçün geniş İKT sistemi yaradılmadıdır. Müxtəlif dillərdə tələbələrə məqalə, esse yazmaq, öz ixtisasları üzrə xaricdə təhsil almalarına şərait yaratmaq və maliyyə məsələsini həll etmək lazımdır ki, bu proses geniş vüsət alsın. Ən əsas üstün cəhəti o ola bilər ki, Avropada kredit toplayıb gələn tələbə öz təcrübəsini kiminləsə bölüşə bilər, başqa tələbələrdə maraq yarada bilər.
İndi Azərbaycan ali məktəblərinin xarici universitetlərlə tələbə mübadiləsi demək olarki, yox səviyyəsindədir.
Bundan başqa, bizdə heç daxili mübadilə də yoxdur. Tibb Universitetinin bir tələbəsi biologiyadan kredit toplamaq istəyir, o Bakı Dövlət Universitetinə gəlib, biologoya fənnindən kredit toplaya bilər? Bu proseslər çox zəif gedir bizdə.

Azərbaycan Dillər Universitetinin (ADU) mətbuat xidmətinin rəhbəri Zeynəb Kazımova bildirib ki, ADU-da tələbələrin xaricdə təhsil almaları üçün müxtəlif proqramlar var.
“Məsələn, təqaüd proqramı, Boloniya prosesilə tələbə mübadiləsi və s. Amma ən sərfəlisi Boloniya prosesilə xaricdə təhsil almaqdır. ADU Böyük Britaniyanın Esseks Universiteti ilə əməkdaşlıq edir və iki universitet arasında müqavilə imzalananıb. Dillər Universitetində təhsil alan tələbələr I-II kursları bitirdikdən sonra təhsillərini Esseks universitetində davam etdirə bilirlər. 22 tələbəmiz hazırda o universtetdə təhsil alır.
Yeni tədris ilində 47 tələbə Esseks universitetində təhsil almağa gedəcək. Hazırda universitetimizdə “Esseks qrupu” yaradılıb. Bu qrupda olan tələbələr Esseks Universitetinin tədris planına uyğun təhsil alırlar. 3-cü kursdan artıq onlar gedəcəklər öz təhsillərini Böyük Britaniyada davam etdirməyə”.

Xəzər Universitetinin xarici əlaqələr üzrə prorektoru Fərda Əsədov da deyir ki, bu ali təhsil ocağında Boloniya prosesi ilə dünyanın müxtəlif universitetlərinə tələbələr göndərilir.
“Son iki-üç ildə 32 tələbəmiz bu yolla xarici universitetlərdə təhsil almaq üçün göndərilib. Yunanıstan, Norveç, Macarıstan, İtaliya kimi ölkələrlə müqavilələrimiz var. Universitetin  bu ilki planında 13 tələbə mübadilə layihəsi var. Ola bilər ki, bəzilər alınmasın, şərtlər imkan verməsin. Bu 13 layihə Yaponiya və Koreya universitetlərilə gerçəkləşdirilməlidir. Tələbə seçimində isə tələbənin elmi uğurları əsas götürülür. İngilis dilini yaxşı bilməsi və dünyagörüşü olmalıdır”.

F. Əsədov təəsüflə qeyd edib ki, Azərbaycandan  xaricə getmək istəyən tələbələr o qədər də çox deyil.

Qafqaz Universitetinin mətbuat xidmətinin rəhbəri Rəcəb Rzayev: “Bizim universitetin Beynəlxalq əlaqələr ofisi var. Beynəlxalq əlaqələr ofisinin məqsədi universitetimizin tələbə və akademik heyətinə öz akademik hədəflərinə nail olmaq məqsədilə mübadilə imkanları yaratmaq, universitetin beynəlxalq fəaliyyətini təmin etmək, milli və beynəlxaql maliyyələşdirilmə imkanlarını aşkara çıxarmaq, xaricdən gələn və xaricə gedən akademik heyətə dəstək olmaqdan ibarətdir. Qafqaz Universiteti tədris planlarının təkmilləşdirilməsi istiqamətində ikili və ortaq diplom proqramlarının təşkili sahəsində fəal əməkdaşlıqlara imza atıb.
Qafqaz Universiteti Almaniyanın DAAD qurumunun maliyyə imkanlarının hesabına region və enerji məsələləri mövzusunda beynəlxalq tələbələrə yay məktəbləri təşkil edib. Yay məktəblərinin təşkilində Almaniyanın Ottovon Guericke Universiteti, Maqdeburq Universiteti, Bonn Universiteti və Siegen Universitetləri yaxından iştirak ediblər. Leuven Katholieke Universiteti (Belçika), Varşava Təbii Elmlər Universiteti (Polşa) , Santyaqo de Compostela Universiteti (İspaniya), Tallin Universiteti (Estoniya), Tuscia Universiteti (İtaliya), Graz Universiteti (Avstriya), KTH Stockholm Universitetilə (İsveç) Qafqaz Universiteti əməkdaşlıq edir”.

Sevinc İltifat

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı