
Ukrayna Azərbaycan Gənclər Birliyinin həmtəsisçisi və baş katibi Ayaz Salmanov Modern.az saytının qonağı olub. Görüş zamanı Ukraynada yaşayan azərbaycanlı gənclərin bu ölkənin ictimai-siyasi həyatına inteqrasiya mexanizmi, Ukrayna və azərbaycanlı gənclərin Azərbaycanda birgə layihələr həyata keçirmələri haqqında söhbət aparılıb. A.Salmanov hazırda Ukrayna Milli Elmlər Akademiyasında təhsil alır.
- Ayaz müəllim, gənclər təşkilatını yaratmaq zərurəti hardan irəli gəldi?
- Ukraynada 500 minə yaxın azərbaycanlı yaşayır. Bu qədər insanı əhatə edən güclü diasporumuz var. Bunların da 30 %-ni gənclər təşkil edir. Ulu öndərimiz tərəfindən 1999-2000-ci illlərdə Ukraynada diasporun təməli qoyulub. Bunlarla yanaşı çox böyük sayda gənclərimiz var. Yetişməkdə olan gənclər həm Ukrayna vətəndaşlarıdır, həm də Azərbaycandan gələn çoxsaylı tələbələr var. Bu gəncləri bir ortamda birləşdirmək üçün tələb var idi. Bu tələbdən irəli gələrək,. 2010-cu ilin aprel ayının 24-də ilk dəfə olaraq Dnepropetrovsk şəhərində gənclər forumu keçirildi. Forumda Ukraynanın 19 regionundan 700 gənc iştirak edirdi. Forumdan sonra qərara alındı ki, gənclər arasında bir əlaqələndirmə şurası yaradılsın. Əlaqləndirmə şurası 3 ay fəaliyyəti müddətində bir çox layihələr həyata keçirdi. Həm Kiyev, həmdə digər regionlarda . Sonra əlaqələndirmə şurasının təşkilat halına gətirmək lazım gəldi. Müraciət edib qeydiyyatdan keçdik və Ukrayna-Azərbaycan Gənclər Birliyini formalaşdırdıq. Hazırda Ukrayna Azərbaycan Gənclər Birliyi mərkəzi Kiyev şəhəri olmaqla Ukraynanın 24 regionunda fəaliyyət göstərir. Onlardan 10 region tam yüksək, aktiv olaraq fəaliyyət göstərir. Bunlar Xarkov, Donetsk, Dnepropetrovsk, Odessa, Nikolayev, Krım və digər regional təşkilatlardır.
- Təşkilatın neçə üzvü var və hansı işlər görülür?
- Təşkilat 2 il ərzində 10 minə yaxın üzvü öz ətrafında birləşdirə bilib. Ukraynanın ictimai həyatına çox aktiv qoşulmuşuq. Ukraynanın bütün böyük təşkilatları, gəncləri ilə əlaqələrimiz var. Regionlar Partiyasının gəncləri ilə bu yaxınlarda memorandum imzalamaq fikrimiz var. Onlar tərəfindən təşəbbüs gəlib ki, təşkilatlar arasında memorandum imzalansın və birgə fəaliyyət həyata keçirilsin. Onlarla bir neçə layihəmiz həyata keçib. 1 il yarım ərzində kiçik layihələrlə bərabər 100-ə yaxın iri miqyaslı layihələr həyata keçirilib. Təşkilatın yaradılmasında əsas məqsəd gəncləri bir arada birləşdirməkdirsə, digər məqsəd Azərbaycan gəncliyini Ukrayna ictimaiətinə inteqrasiya elətdirməkdir. Artıq bu diaspor fəaliyyətindən lobbiçilik fəaliyyətinə keçməkdir. Yəni bu gün Azərbaycan gəncliyi Ukraynanın müxtəlif dövlət və biznes sturukturlarında təmsil olunursa, bununla da ölkəmizin maraqları dolğun şəkildə təmin oluna bilər. Ona görə məqsədimiz gənclərimizi daha yaxşı yerlərdə yerləşdirməkdir ki, sabah bundan düzgün şəkildə istifadə edə bilək. 1 il yarım ərzində bir çox nailiyyətlərimiz var. Nikolayev şəhərində regional təşkilatımızın sədri Anar Axundov milli azlıqlar üzrə komitənin sədridir. Krım vilayətindəki təşkilatın sədri, 23 yaşı olan gənc Firudin Orucov Ukraynanın ən gözəl istirahət mərkəzinin direktorudur. Turizm Nazirliyindən ona sertifikat verildi. Bu ictimai fəallığı görüb, aktivliyi görüb qiymətləndiriblər. Biz də çalışırıq hər zaman tədbirlərimizdə meriyanın nümayəndələri, şəhər İcra Hakimiyyətinin və yerli nümayəndəliyin üzvləri iştirak etsinlər. Onlar aktiv gəncləri görsünlər və irəli çəksinlər. Bunlar hamısı Ukraynada doğulub böyümüş və oranın vətəndaşlarıdır. Bunların Ukrayna ictimai həyatına inteqrasiya olunması bizim üçün, dövlətimiz üçün uğurdur.
- Fəaliyyətinizin genişlənməsi üçün sizə hər-hansı bir kömək olunurmu?
- Ukraynanın bütün regionlarını əhatə edən bir diasporumuz var. Diasporumuzdan hər zaman bütün tədbirlərimizdə bizə aktiv şəkildə dəstək olur. Keçirdiyimiz layihələrdə bizə mənəvi baxımdan çox dəstək olurlar. Başda Eynulla Mədətli olmaqla səfirliklə çox gözəl munasibətimiz var və bizim işlərimizə dəstək verirlər. Bütün bunları daha yaxşı həyata keçirək deyə, biz də fəaliyyətimizdə həm səfirliklə,həm də diasporla müəyyən məsələləri məsləhətləşirik.
- Qarşınıza çıxan problemlər nədən ibarətdir?. Yenə bilmədiyiniz hər-hansı problem varmı?
- Problemimiz əsas odur ki, hələ tam şəkildə gənclərimizi ətrafımızda birləşdirə bilməmişik. O baxımdan ki, Ukrayna böyük ölkədir. Elə regionlar var ki, orada Azərbaycanlılar azdır. Ukraynianın qərb tərəfləri buna misaldır. Qərbdə yerləşən Lubov şəhərində erməni diasporu daha güclüdür. Orada azərbaycanlılar az yaşadığından ora girmək çətindir. Ukraynanın qərbində gənclərimiz var, lakin onlar azlıq təşkil edir. Bu baxımdan o tərəflərdə lobbiçiliyimizi, fəaliyyətimizi qurmaq bir az çətinlik yaradır. Ukraynanın qərbi belə yerdi ki, ora ölkənin beşiyidir. Köklü, radikal ukraynalılar yaşadığı bir yerdir. Oraya inteqrasiya edə bilsəydik, çox yaxşı olardı. Digər tərəfdən Azərbaycandan son 2-3 ildə axın edən tələbələrin dil bilməməsi problemlər yaradır. Tələbələr gəlir, dil bilmir. İlk bir ildə öyrənsələrdə bu çox çətin olur. Biz çalışırıq həm regionlarda, həm də Kiyevdə kurslar təşkil edək. Pulsuz olaraq həm rus, həm də Ukrayna dili kursları yaratmışıq. Eyni zamanda bazar günü məktəbləri açmışıq. Artıq Nikolayev şəhərində bazar günü məktəbi fəaliyyət göstərir. Məqsəd orada doğulub-böyüyən və Azərbaycan dilini bilməyən uşaqlara dilimiz öyrətməkddir. Orada baxçaya, məktəbə getdiklərindən dili bilsələr də, pis bilirlər. Bu baxımdam onlara Ana-dilimizi öyrədirik. Bununla bərabər ukraynalılar böyük maraq göstərir bizim dilimizə. Onlar istəyirlər ki, Azərbaycan dilini öyrənsinlər.
- Ukraynalıların Azərbaycanlılara münasibəti necədir?
- Onların bizə çox gözəl münasibəti var. Ukrayna çoxmillətli bir ölkədir. Orada əlliyə yaxın fərqli millət yaşayır. Bizə heç bir fərq qoyulmur. Xüsusilə də azərbaycanlılarla çox yaxşı münasibətləri var.
- Gənclər Birliyinin əsas hədəfi nədən ibarətdir?
- Hədəfimiz birliyin formalaşması, Ukrayna ictimaiyyətinə inteqrasiyası,Azərbaycan həqiqətlərinin Ukrayna ictimaiətinə doğru-düzgün çatdırılmasıdır. Xocalı və Qarabağ kimi yaralarımız var ki, bunlar Ukrayna ictimaiyyətinə düzgün çatdırılmalıdır. Artıq iki ildir ki, Leyla Əliyevanın başlatdığı “Xocalıya Ədalət” kampaniyası çərçivəsində fevral ayını orada “Xocalı ayı” elan edirik və ayın birindən sonuna kimi layihələr həyata keçiririk.
- Bu işlərdə diaspor sizə kömək edirmi? Maddi-texniki baza ilə necə təmin olunmusunuz?
- Çalışırıq maddi-texniki baza məsələsi ilə bağlı olan problemləri həll edək. Düşünürəm bu problem hər yerdə var və çalışırıq bunu aradan qaldıraq. İki ildir səfir olan Eynulla Mədətlinin sayəsində bu problemlər aradan qalxmaq üzrədir.
Eyni zamanda xüsusi qeyd etmək istəyirəm ki, Azərbaycan Dövət neft şirkətinin prezidenti Rövnəq Abdullayevin birbaşa göstəriş və tapşiriğina əsasən Ukrayna Azərbaycanli Gənclər Birliyi müasir maddi texniki bazaya malik olan ofislə təmin olunub. Bu ofis Ukraynada yaşayan və təhsil alan azərbaycanlı gənclərin birlik mərkəzinə çevrilib. SOCAR-ın Ukrayna üzrə nümayəndəliyinin rəhbəri Elçin Məmmədov da daim kecirdiyimiz layihələrde bizə xüsusi dəstək verir. Bu isə təbii ki, Azərbaycan Dövlət neft şirkətinin bizə göstərdiyi bu diqqət ve qayğı Azərbaycan Prezidenti İlham Əliyevin Dünya Azərbaycanlı Gənclərinin inkişafina göstərdiyi diqqət ve qayğının bariz nümunəsidir.
Anar Kəlbiyev