Modern.az

Azərbaycan və Gürcüstan deputatları Qaxda toplaşıb - FOTOLAR

Azərbaycan və Gürcüstan deputatları Qaxda toplaşıb - FOTOLAR

Aktual

24 Mart 2012, 15:15

Novruz bayramı və Azərbaycan ilə Gürcüstan arasında diplomatik əlaqələrin qurulmasının 20-ci ildönümü münasibətilə Qax şəhərində “Dostluq bayramı” keçirilib. Gürcüstanın Azərbaycandakı səfirliyinin təşəbbüsü, səfirliyin və Qax rayonu İcra Hakimiyyətinin təşkilatçılığı və Azərbaycan-Gürcüstan parlamentlərarası dostluq qrupunun dəstəyi ilə keçirilən tədbirdə Qax rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev, Zaqatala RİH-nin başçısı Mübariz Əhmədzadə, Azərbaycanın Milli Məclisinin üzvü, Azərbaycan-Gürcüstan parlamentlərarası dostluq qrupunun rəhbəri Qənirə Paşayeva, MM-nin İnsan Haqları komitəsinin sədri, millət vəkili Rəbiyyət Aslanova, millət vəkilləri Sədaqət Vəliyeva, Kamilə Əliyeva, Flora Qasımova, Etibar Hüseynov, Hikmət Atayev, habelə Gürcüstanın Azərbaycandakı səfiri Teymuraz Şaraşanidze, Gürcüstan parlamentinin vitse spikeri Qiqi Sereteli, Gürcüstan parlamentinin 1-ci vitse spikeri Fridon Todua, Gürcüstanın vitse-spikeri Rusudan Kervalişvili, Gürcüstan Respublikasının Diaspora Məsələləri üzrə Dövlət naziri Papuna Davitaya, Gürcüstanın 10 millət vəkili, regionların qubernatoru və icra başçıları iştirak ediblər.

Tədbiri açan Qax rayonu İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev Azərbaycanın qonşu ölkələrlə, o cümlədən Gürcüstan ilə münasibətlərinin inkişafına xüsusi önəm verdiyini diqqətə çatdırıb. O, Qaxın əhalisinin 13 faizini təşkil edən gürcülərə milli adət-ənənələrini yaşatmaq üçün hər cür şərait yaradıldığını deyib.

M.Şəkiliyev belə tədbirlərin ölkələr arasında əməkdaşlıq əlaqələrinin daha da genişlənməsinə, iki xalq arasında dostluq və qardaşlıq münasibətlərinin möhkəmlənməsinə xidmət edəcəyinə əminliyini bildirib.

 Mərasimdə Gürcüstanın Azərbaycandakı səfiri Teymuraz Şaraşenidze, Gürcüstan parlamenti sədrinin müavini Qiqi Sereteli çıxış edərək yeni gün, bolluq və bərəkət bayramı olan Novruzun Azərbaycanın dilbər guşələrindən olan Qax rayonunda azərbaycanlılarla birgə qeyd etmələrindən böyük məmnunluq duyduqlarını bildiriblər.

Milli Məclisin deputatı Qənirə Paşayeva Gürcüstanın Marneuli rayonunda azərbaycanlılarla gürcülərin Novruz bayramını birlikdə yüksək səviyyədə qeyd etdiklərini diqqətə çatdırıb. Qənirə Paşayeva Prezident Mixail Saakaşvilinin ötən il imzaladığı sərəncama uyğun olaraq Novruzun Gürcüstanda ilk dəfə olaraq rəsmi şəkildə dövlət bayramı kimi qeyd olunmasını fərəhləndirici hal kimi qiymətləndirib.

“Bizim xalqda belə bir inam var ki, Novruzda edilən saf diləklər, dualar həyata keçir. Mən də bu Novruzda arzu edirəm ki, növbəti Novruz bayramını işğaldan azad edəcəyimiz Qarabağda, eyni zamanda Abxaziyada, Güney Osetiyada bu gün olduğu kimi birlikdə, bir yerdə qeyd edək”-deyə Q.Paşayeva bildirib.

Bir neçə saat davam edən bayram tədbirində Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı, respublikamızın tanınmış incəsənət ustaları, yerli ifaçılar, habelə Gürcüstanın Laqodexi rayonunun folklor və rəqs kollektivləri geniş və rəngarəng konsert proqramı ilə çıxış ediblər.






Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı