Novruz bayramı ilə əlaqədar “Borçalı” İctimai Cəmiyyətinin nümayəndə heyəti, cəmiyyətin sədri Zəlimxan Məmmədlinin başçılığı ilə Gürcüstanda səfərdə olublar. Cəmiyyətdən Modern.az-a verilən məlumata görə, səfərin ilk günü – martın 18-də Marneuli rayonunun Keşəli, Qardabani rayonunun Kosalı kəndlərində görüşlər keçirilib. Nümayəndələr martın 19-da Tiflis şəhərində təşkil olunmuş Gürcüstan Aşıqlarının III qurultayına qatılıblar.
Martın 20-də Rustavi şəhərində bələdiyyənin, mədəniyyət mərkəzinin, Azərbaycan Yazıçılar Birliyinin Gürcüstan bölməsinin birgə təşkil etdikləri Novruz şənliyində “Borçalı” Cəmiyyətinin sədri təbrik nitqi söyləyib. Nümayəndə heyəti martın 21-də Marneuli şəhərində keçirilən bayram şənliyində iştirak edib. Həmin gün Başkeçiddə də görüşlər keçirilib. Martın 22-də Bolnisi rayonunun Faxralı və Kəpənəkçi kəndlərində təntənəli bayram mərasimləri təşkil olunub. Kəpənəkçi kəndində “Borçalı” Cəmiyyəti İdarə Heyətinin üzvü Rəşid Bədəlovun rəbərliyi ilə Kəpənəkçi Xeyriyyə Fondu tərəfindən 100 aztəminatlı ailəyə yardım göstərilib.


