
Bir müddət öncə millət vəkili Əli Əhmədov hökumətin Milli Məclisdəki hesabatı zamanı rayon inzibati ərazi bölgüsünün ləğvi ilə bağlı təklif irəli sürərək bildirmişdi ki, rayon Sovet dövründən qalma bir bölgüdür. Bunu əsas gətirən Ə,Əhmədov “rayonlar ləğv olunmalıdır” deyərək ictimaiyyəti təəccübləndirmişdi.
Modern.az məsələ ilə bağlı digər millət vəkillərinin də fikirlərini öyrənib.
Deputat Tahir Rzayev hesab edir ki, bu köklü bir məsələdir və külli miqdarda vəsait tələb edir.
“Əvvəllər mahallar, quberniyalar, dairələr olub, rayon inzibati bolgüsü də sovet dovründən qalmadır. Rayon inzibati ərazi quruluşunu yüksək səviyyədə əks etdirmir. Əgər tək rayon adı dəyişilsə, gərək onunla bərabər kəndlər, qəsəbələr, idarə, müəssisələrin hamısnın adlarında dəyişiklik edilməlidir. Bu da həddindən çox vəsait tələb edir. Bu fikri dəstəkləyirəm, yaxşı fikirdir, amma müəyyən hazırlıq lazımdır”.
Millət vəkilinin sözlərinə görə,yaxın gələcəkdə belə bir dəyişiklik ola bilər.
“Gələcəkdə ola bilər ki, bu dəyişiklik olsun, çünki başqa respublikalarda bu dəyişikliklər artıq olub və belə bir dəyişiklik baş verərsə, tariximizə uyğun bir ad seçilsə, daha yaxşı olar”.
Deputat Fəzail İbrahimli Ə.Əhmədovun təklifini mütərəqqi təklif hesab edir.
“Bu mütərəqqi bir təklifdir, yəni inzibati ərazi bölgüsü Sovet dövründən qalıb. Əvvəllər Azərbaycanda müxtəlif inzibati bölgülər olub, qəzalar və hər qəzaya daxil olan nahiyyələr”.
Deputatın sözlərinə görə, əsas təklifin hansı formada işlənilməsi ciddi düşünülməlidir.
“Əvvəlki inzibati-bölgü prinsipi ilə yanaşanda, onda Azərbaycan qəzalara bölünməlidir, əvvəllər Lənkəran qəzası, Cavad qəzası və s. olub. Hesab edirəm ki indi də “rayon” sözü “qəza” sözü ilə əvəz oluna bilər. Əgər qəza formasında olarsa, onda rayonların inzibati vahid ərazidə birləşməsi prinsipi ortaya çıxa bilər”.
Nihadə Eyyubova