Martın 30-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Qırğız Respublikasının Prezidenti Almazbek Atambayevin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü başa çatdıqdan sonra Azərbaycan-Qırğızıstan sənədlərinin imzalanması mərasimi olub.
Modern.az saytının məlumatına görə “Azərbaycan Respublikası Prezidentinin və Qırğızıstan Respublikası Prezidentinin Birgə Bəyanatı”nı İlham Əliyev və Almazbek Atambayev imzalayıblar.
“Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Qırğız Respublikasının Narkotiklərə Nəzarət üzrə Dövlət Xidməti arasında narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qeyri-qanuni dövriyyəsi ilə mübarizə sahəsində əməkdaşlıq haqqında Saziş”i Azərbaycanın daxili işlər naziri Ramil Usubov və Qırğızıstanın Narkotiklərə Nəzarət üzrə Dövlət Xidmətinin sədri Vitali Orozaliyev imzalayıblar.
“Azərbaycan Respublikası və Qırğız Respublikası arasında Azərbaycan Respublikasının Dünya Ticarət Təşkilatına qəbul olunması üzrə Protokol”u Azərbaycanın iqtisadi inkişaf naziri Şahin Mustafayev və Qırğızıstanın xarici işlər naziri Ruslan Kazakbayev imzalayıblar.
“Azərbaycan Respublikası Hökuməti və Qırğız Respublikası Hökuməti arasında vergi qanunvericiliyinə riayət edilməsi məsələləri üzrə əməkdaşlıq və qarşılıqlı yardım haqqında Saziş”i Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Qırğızıstanın xarici işlər naziri Ruslan Kazakbayev imzalayıblar.
“Azərbaycan Respublikası Hökuməti və Qırğız Respublikası Hökuməti arasında mədəniyyət sahəsində əməkdaşlıq haqqında Saziş”i Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Qırğızıstanın xarici işlər naziri Ruslan Kazakbayev imzalayıblar.
“Azərbaycan Respublikası Hökuməti və Qırğız Respublikası Hökuməti arasında mülki müdafiə (mühafizə), fövqəladə halların qarşısının alınması və aradan qaldırılması sahəsində əməkdaşlıq haqqında Saziş”i Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Qırğızıstanın xarici işlər naziri Ruslan Kazakbayev imzalayıblar.