Modern.az

Aqil Abbas: "Azərbaycanda yeganə ana müxalifət Müsavat Partiyasıdır"

Aqil Abbas: "Azərbaycanda yeganə ana müxalifət Müsavat Partiyasıdır"

Aktual

31 Mart 2012, 15:34

Azərbaycanda “ana müxalifət” anlayışı  varmı?  

Hər bir ölkədə olduğu kimi, Azərbaycanda da hakimiyyətə zidd müxalif qüvvələr, siyasi partiyalar mövcuddur. Lakin iqtidarla əks mövqedə dayanmaq heç də böyük bir kütləni ətrafına toplamaq və yaxud da ana müxalifət rolunu oynamaq demək deyil. Azərbaycanın siyasi arenasına Türkiyə və Avropa təcrübəsindən daxil olan “ana müxalifət” anlayışı son zamanlar bir qədər dəbdən düşüb. Doğurdanmı ölkəmizdə Türkiyədə olduğu kimi cəmiyəti öz ətrafında toplaya bilən ana müxalifət var? Modern.az-ın əməkdaşı bu suala cavab tapmağa çalışıb.

Millət vəkili Aqil Abbas sualımıza cavabında bildirib ki, Azərbaycanda ana müxalifət alnayışı mövcuddur. Deputat hesab edir ki, Müsavat Partiyası Azərbaycanda ana müxalifət rolunu oynayan yeganə siyasi partiyadır.

“Mən Azərbaycanda müxalifət və iqtidarın işinə heç vaxt qarışımıram. Lakin deyə bilərəm ki, bəli, Azərbaycanda  ana müxalifət  var. Mən Müsavat Partiyasını normal partiya sayıram. AXCP də müxalifətdir, amma hesab edirəm ki, ölkəmizdə ana müxalifət məhz Müsavat Partiyasıdır”

Politoloq Eldar Namazov isə qeyd edib ki, Azərbaycanda “ana müxalifət” anlayışı dünya təcrübəsi ilə müqayisədə tam fərqli anlamda qəbul edilir. E.Namazov bu anlayışın formalaşması üçün ölkəmizddə normal siyasi mühitin olmadığını bildirib.

”Azərbaycan siyasətinə “ana müxalifət” anlaşıyı Türkiyə təcrübəsindən gəlib. Dünyada da buna oxşar bir çox anlayışlar var. Bəzi hallarda bu barədə ana müxalifət, bəzi hallarda isə kölgə kabineti kimi ifadələr səsləndirirlər. Türkiyə və Avropada ana müxalifət hakimiyyəti əvəz edə biləcək siyasi qüvvə rolunu oynayır. Bu baxımdan ölkədə hansısa hadisələr baş verəndə iqtidarın mövqeyi ilə yanaşı, ona əsas alternativ olan və yaxın gələcəkdə onu əvəz edə biləcək qüvvənin də mövqeyini öyrənirlər. Azərbaycanda isə belə normal şərait demək olar ki, yoxdur”.

Politoloqun fikrincə, hər bir ölkədə ana müxalifətin formalaşması üçün ilk növbədə azad, ədalətli seçki sistemi tətbiq edilməlidir.

“Azərbaycanda təəssüflər olsun ki, seçkilər yolu ilə hakimiyyət dəyişikliyi baş vermədiyinə görə, ana müxalifət anlayışı artıq mənasını dəyişməyə başlayıb. Azərbaycanda ana müxalifət anlayışı daha çox iqtidara alternativlik yox, müxalifətin içərisində daha güclü olmaq rolu daşıyır. Ölkədə mitinqlər keçirməyə imkan verilmirsə, seçkilərdə normal şəraitdə səs toplayıb qalib gəlmək mümkün deyilsə, ölkədə hamı tərəfindən etimadla qarşılanan sorğu xidmətləri yoxdursa, ana müxalxifət necə formalaşa bilər? Odur ki, ana müxalifət anlayışı son illər öz mənasını itirməyə başlayıb. Son dovrlər partiya sədrləri, siyasi ekspertlər deyirlər ki, ana müxalifət elə cəmiyyətin özüdür. Ola bilsin ki, partiya sədrləri bunu böyük narazılığın miqyasını qabartmaq üçün bildirirlər”.

E.Namazov bildirib ki, cəmiyyətdə mövcud olan narazı kütlənin özü də ana müxalifətdir.

Politoloq daha sonra ana müxaxlifətin necə formalaşması ilə bağlı məsələyə toxunaraq vurğulayıb ki, cəmiyyət böyük bir koalisiya yaradaraq özünün bu statusunu  yarada bilər.

“Məncə hər hansı siyasi partiya və siyasi qüvvvə ölkədə böyük kütləni öz ətrafında toplayaraq ana müxalifət ola bilər. Ola bilər ki, partiyalar, ictimai qurumlar, ziyalılar, azad mətbuat, gənc fəallar bir aya gəlib koalisiya şəkilində fəaliyət göstərsinlər. Onda bu  koalisiya artıq ana müxalifət statusunu qazanacaq”.

Anar RÜSTƏMOV

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı