Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Modern.az-a verilən məlumata görə, dünən saat 17 radələrindən başlayaraq Yalama Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin Xaçmaz meşəbəyliyinin 2, 5 və 7 saylı meşə dolaylarında yanğın hadisəsi baş verib.
Yanğının baş verməsinə səbəb sakinlərin şəxsi pay torpaqlarında meyvə ağaclarının qurumuş budaqlarını yandırması olub. Küləkli hava şəraiti olduğundan yanğın Yalama Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin Xaçmaz meşəbəyliyinin 2, 5 və 7 saylı dolaylarına keçmiş və meşə fonduna məxsus, ümumilikdə 1 hektar ərazidəki qurumuş budaqlar, quru ot örtüyü və kollar yanıbdır. Yanğın nəticəsində meşə fonduna ciddi ziyan dəyməyib.
Yanğın Ekologiya və Təbii Sərvətlər, Fövqəladə Hallar Nazirliklərinin yerli qurumları və Xaçmaz rayon İcra Hakimiyyəti işçilərinin, eyni zamanda yerli əhalinin birgə səyləri nəticəsində 03 aprel tarixində gecə saat 02 radələrində tam söndürülüb.
Nazirlik meşə və yaşıllıqlarımızı qoruyub saxlamaq üçün əhalini bir daha odla ehtiyatlı olmağa, yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət etməyə və Azərbaycan xalqının milli sərvəti olan meşə və yaşıllıqları qorumağa çağırır.
Modern.az