Modern.az

Uşaqlarımız niyə kitab oxumur?

Uşaqlarımız niyə kitab oxumur?

Aktual

3 Aprel 2012, 11:13

Əvvəllər Azərbaycanda kitab bumu var idi: kitab oxumaq, mütaliə etmək insanların bir növ həyat tərzinə çevrilmişdi. Amma son zamanlar kitab oxuyan, kitaba pul verən adamların sayı azalıb. Kimi bunu ölkəmizdə intenet şəbəkəsinin genişlənməsi, kim isə insanların kitaba marağının azalması, kim də iqtisadi durumun aşağı olması ilə əlaqələndirir. Bütün bunlar öz yerində, amma məsələ burasındadır ki, ədəbiyyatda da boşluq yaranıb. Xüsusilə də uşaq ədəbiyyatında maraqlı əsərlərin yaranması prosesi ləng gedir. Ortada olan kitabların əksəriyyəti sovet dövründə yazılanlar və xaricdən tərcümələrdir. Bu da təbii ki internet əsrində yaşadığımız bir vaxtda uşağın tələblərinə, düşüncə tərzinə uyğun gəlmir.

Ümumdünya uşaq ədəbiyatı gününün qeyd edildiyini nəzərə alaraq,  ölkəmizdə uşaq ədəbiyatının bugünki vəziyyəti ilə maraqlandıq.

İçərişəhərdə yerləşən kitab mağazasında xüsusi uşaq guşəsi olmasa da,   uşaqların maraqlarına uyğun kitablar kifayət qədər var. Mağazanın müdiri Elman Mustafayev də bunu təsdiqlədi: “Bu gün kifayət qədər uşaq ədəbiyyatı var. Son zamanlar bu maraq daha da artıb. Daha çox dünya klassiklərinin əsərləri satılır, amma 2 variantda 5 cilddə nəşr olunan Azərbaycan nağıllarına da tələbat heç də az deyil. Dünya klassiklərinə az müraciət olunmur. Elə ən çox satılan da xarici klassiklərin əsərləridir. Mark Tvenə, Cek Londona, rus yazarlarından Puşkin və Lermontovun əsərlərinə böyük maraq var”.     

Dərs vəsaitləri uşaq ədəbiyyatının bazarını öldürür

Metronun “Elmlər Akademiyası” stansiyasındakı kitab pasajına yollandıq. Burda da vəziyət o qədər ürəkaçan deyildi. Piştaxtada  gözümüzə ancaq xarici yazarların nəşrləri dəydi. Satışda uşaq ədəbiyyatından nümumələr yox idi. Uşaq ədəbiyyatının olmamasının səbəbilə maraqlandıq. Kitab satışı ilə məşğul olan Ruslan bunun yalnız bir səbəbini göstərdi: ““Elmlər akademiyası”nda çox universitetlər yerləşdiyindən bizə yalnız dərs vəsaitləri satmaq sərf edir. Həmdəki uşaq ədəbiyatına maraq demək olar ki yoxdu. Axı kimdi indiki vaxtda uşağına nağıl oxuyan? Analar oxusa belə, uşaqlar buna inanmaz. İndiki uşaqlar o qədər çoxbilmişdirlər ki, onları  konfetlə, nağılla aldatmaq zəmanəsi keçmişdə qaldı”.

Yenə də xarici əsərlər

“Altun nəşrlər” evi ilə də əlaqə saxladıq. “Altun nəşrlər” evi uşaq ədəbiyatının azlığından gileyləndi: “Valideynlər daha çox xarici ədəbiyyata maraq göstərirlər. Məsələn, “Bəyaz diş”, “Sindibadın 7 səyahəti”,  “Tom dayının daxması”, “Odisseya” kimi kitablara tələbat var. Bununla bağlı yeni layihə üzərində işləyirik. Yəqin ki məsələni nəzərə alacağıq”.

“İçərişəhər” metrostansiyasının yaxınlığında kifayət qədər kitab dükanları olsa da, uşaq ədəbiyyatına rast gəlmədik.  Satıcılarla söhbət zamanı məlum oldu ki, yüksək tərtibata malik olduğundan rus və ingilis ədəbiyyatlarına daha çox üstünlük verilir. Bu isə azyaşlılarda milli ədəbiyyat anlayışının sıfıra düşməsinə səbəb olur.

Valideynlər yazıçıları qınayır

Valideynlər də kitab biznesində uşaq ədəbiyyatının yerinin az olmasından narazıdırlar. Aygün Quliyeva deyir ki, yeddi-səkkiz yaşlı uşaqlar üçün nəzərdə tutulan Azərbaycan nağıllarında hədindən artıq açıq-saçıq ifadələr işlədilir.
”Bunu oxuyan uşaq nə tərbiyəvi nəticə götürəcək. Yaxşı olardı ki, belə nağılların üzərində hansı yaş kateqoriyalarına aid olmasını da qeyd etsinlər. Bundan əlavə Azərbaycan nağıllarının hamısı bir-birinə oxşayır. İndiki dövrdə bu nağıllar uşaqların marağına uyğun deyil. Mən bu sahənin boşluğunda yazıçıları qınayıram. Onlar yeni-yeni nağıllar yazılmalıdır. Məsələn, rus yazarları elə nağıllar yazırlar ki, uşağın zövqünü oxşayır, bu marağı nəzərə alaraq həta onları səhnələşdirirlər. Düzdür satışda uşaq ensiklopediyaları var, amma bunlar kifayət qədər bahadır. Buna da hər valideynin imkanı çatmır”.

Müşahidələr sonda belə qənaətə gəlməyə əsas verir ki, satışda milli uşaq ədəbiyyatına dair nümunələr yox dərəcəsindədir. Bununla belə, uşaqların kitablara marağı azalmayıb. Amma onlar çox vaxt axtardıqlarını tapa bilmirlər.

Gültəkin Ələsgər

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı