Hər iki qurum Ümumrespublika Demokratik Müşavirəsi keçirməyə hazırlaşır

Ziyalılar Forumu dünən İctimai Palata ilə işgüzar görüşdən sonra Azərbaycanda Ümumrespublika Demokratik Müşavirəsi keçirmək qərarına gəlib. Yaxın zamanlarda həyata keçirilməsi planlaşdırılan müşavirənin təşkilatı məsələləri üzrə Forumunda yeni işçi qrupu yaradılacaq. Bu barədə Ziyalılar Forumunun üzvü, politoloq Eldar Namazov Modern.az-a məlumat verib:
“Yaxın zamanlarda Azərbaycanda Ümumrespublika Demokratik Müşavirəsi təşkil ediləcək. Bu sahədə çalışan, təşkilatları, insanları dəvət edərək mövcud vəziyyəti müzakirə edəcəyik. Yaxın günlərdə bununla bağlı bizdə yeni işçi qrupu formalaşacaq. Bu qrup həmin müşavirənim yerini, vaxtını təyin edəndən sonra biz bunu təsdiq edəcəyik”.
Eldar Namazov bildirib ki, təşkilat dünən İctimai Palata ilə daha çox insan haqlarını əhatə edən məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
“Ziyalılar Forumu Azərbaycanda insan haqlarının, haq-ədalətin qorunmasına çalışan bütün təşkilatlara həmişə dəstək verib. Son görüşdə də vətəndaş cəmiyyətinin ən maraqlı təşəbbüsləri bildirildi, Türkiyə ilə bağlı hesabat dinlənildi, jurnalist Xədicə İsmayılovanın araşdırmaları müzakirə edildi. Biz bu sahədə çalışan təşkilatlarla da həmişə əməkdaşlıq edirik. O cümlədən də İctimai Palataya biz böyük dəstək veririk. Həbs olunan şəxslərlə bağlı Ziyalılar Forumu mühüm əhəmiyyətli işlər görür. Bir çox müraciətlər edirik. Bizimlə İctimai Palata arasında bu istiqamətdə hər hansı saziş olmasa da daim əməkdaşlıq etməyə çalışırıq”-deyə politoloq qeyd edib.
Belə bir görüşün keçirilməsinin İctimai Palata tərəfidən irəli sürüldüyünü deyən E.Namazov vurğulayıb ki, hər iki təşkilat arasında fərqli tərəflər olsa da, bir çox oxşar məsələlər ətrafında daim birləşib müzakirələr aparılacaq.
Anar RÜSTƏMOV