İstanbul universiteti rektorluq binasının toplantı salonunda millət vəkili, Siyasi Elmlər üzrə Fəlsəfə Doktoru Qənirə Paşayeva və yazar Azər Turanın Türkiyədə çıxmış “Əlibəy Hüseynzadə” kitabının təqdimat mərasimi keçirilib. Təqdimat mərasimini təşkil edən Türk Ocakları İstanbul şöbəsinin sədri Cezmi Bayram çıxışında deyib ki, biz Türk Ocaklarının 100 illiyinə layiq olan bir kitabı çap etmək üçün axtararkən Qənirə Paşayeva və Azər Turanın “Əlibəy Hüseynzadə” kitabıyla tanış olduq və 100-cü ilimiz barədə ən dəyərli kitabın məhz bu əsər olduğunu görərək onu məmnuniyyətlə çap etdik.Bu kitab vasitəsiylə biz Türk ocaklarının yaradlımasında ikinci önəmli şəxsiyyət olan böyük mütəfəkkir Əhməd Ağaoğlunu da daha yaxından tanımış olduq.Kitabdan öyrəndiyimizə görə, Türk ocaklarının qurulması ideyasını Əlibəy Hüseynzadə vermiş, ilk toplantılar isə Əhmıd Ağaoğlunun evində keçirilmişdir.
Təqdimat mərasimində “1920-1960-cı illər arasında İstanbul universitetində işləmiş Azərbaycan mənşəli alimlər” mövzusunda çıxış edən İstanbul universitetinin professoru İbrahim Yıldırım millət vəkili Qənirə Paşayeva və yazar Azər Turanın “Əlibəy Hüseynzadə” kitabının Türkiyədə çap edilməsinin önəminə diqqəti cəlb edərək deyib: “Türkiyənin ən qədim təhsil ocağında Azərbaycandan gəlmiş elm adamlarının dərs deməsinin təməlini Əlibəy Hüseynzadə atıb.Mən inanıram ki, bu gün bizim təqdimat mərasimi keçirdiyimiz bu salonda Əlibəy Hüseynzadə də bir vaxtlar tələbələr qarşısında danışıb”. Professor İbrahim Yıldırım da millət vəkili Qənirə Paşayeva və yazar Azər Turanın “Əlibəy Hüseynzadə” kitabının Türkiyədə çap edilməsinin onun yaratmış olduğu Türk ocaklarının 100 illiyinə ən yaxşı hədiyyə olduğunu vurğulayıb. Millət vəkili Qənirə Paşayeva çıxışında deyib: “Sovet imperiyası nə qədər çalışsa da, bizi öz milli kimliyimizdən ayrı sala bilmədi. Sovetlərin dağılmasından sonra böyük aydınlarımızın həyat və fəaliyyətinin öyrənilməsi bizim üçün əsas məsələlərdən biri idi. Mən də bu sahədə əlimdən gəldiyi qədər işlər ortaya qoymağa çalışıram.İlk dəfə Türk Türih Kurumuna girəndə orada böyük Atatürkün “Tarixi yazmaq tarixi yaratmaq qədər önəmlidir”-sözlərini görmüşdüm. Böyük Atatürk bu gün sağ olsaydı, yəqin ki, o sözlərinə əlavə olaraq deyərdi ki, yaratdığınız tarixi yazmaq qədər onu öyrətmək də önəmlidir. Burdan qəti şəkildə deyə bilərəm ki, tarix Əlibəy Hüseynzadə və mübarizə arkadaşlarını haqlı çıxarmışdır. Bu insanlar deyirdilər ki, Türk milli kimliyini qorumaq lazımdır.XX əsrin əvvəllərində Türk milli düşüncəsini ortaya qoyanlar Osmanlı imperiyasının çökdüyünü görərək, onun yerində ulus dövləti qurulmasının vacibliyini vurğulayırdılar. Müsəlman coğrafiyasına baxın: hansı müsəlman ölkəsi son əsrdə Türkiyənin qazandığı uğurları qazana bilib? Böyük Atatürk Əlibəy Hüseynzadə, Ahmet Ağaoğlu,Yusuf Akçura və sonradan “fikir müəllimim” dediyi, Türk ocaklarından yetişmə Ziya Gökalpın fikir və ideyalarını alaraq Türkiyə Cümhuriyyətini qurmuşdur.” Təqdimat mərasimində çıxış edən Əlibəy Hüseynzadənin qızı Feyzaver Alpsar atası haqqında kitabın yazarlarına və təqdimat mərasiminin təşkilatçılarına təşəkkürünü bildirib. Təqdimat mərasiminin axırında iştirakçılar Əlibəy Hüseynzadənin oğlu, məşhur rəssam Selim Turanın İstanbul universitetinə hədiyyə verdiyi tabloların və Əlibəy Hüseynzadənin bəzi şəxsi əşyalarının saxlandığı salonları gəziblər. Millət vəkili Qənirə Paşayeva və yazar Azər Turanın Türkiyədə çıxmış “Əlibəy Hüseynzadə” kitabının İstanbul universitetindəki təqdimat mərasimində Azərbaycanın İstanbuldakı baş konsulluğunun konsulu Ceyhun Məmmədov da iştirak edib.