Millət vəkili Qənirə Paşayeva İstanbulun Bağcılar rayon bələdiyyəsinin qadın sənət və mədəniyyət mərkəzində Bağcılar bələdiyyəsinin rəhbərliyi, işçiləri və qadın sənət və mədəniyyət mərkəzinin müdavimləri və ictimaiyyət nümayəndələri qarşısında çıxışında gəncliyi İsmayıl Bəy Qaspirallının “Dildə, fikirdə, işdə birlik” və Heydər Əliyevin “Azərbaycan və Türkiyə bir millət iki dövlətdir” - ruhunda böyütmək olduğuna diqqəti cəlb edərək deyib: “Türk dünyası 150 ildən bəri yurdundan didərgin düşərək əziz Anadolu torpaqlarına sığınan insanların faciəsini unutmamalıdır. Əvvəlcə çarlıq Rusiyasından, 100 il əvvəl Balkanlardan başlayan köçləri daha sonra 3 dəfə Ermənistandan azərbaycanlıların didərgin salınması izləmişdir. 20 ildən bəridir ki, Azərbaycan torpaqlarının 20%-i Ermənistanın işğalı altındadır. Həmin dövrlərdə Türkiyədən başqa heç bir müsəlman ölkəsi bizə lazımı dəstək vermədi, hətta özlərinə müsəlman deyən bəzi ölkələr torpaqlarımızı işğal edən Ermənistana dəstək verdi, əlaqələr, əməkdaşlıq qurdu. Ona görə də Azərbaycan və Türkiyə ölkələrimizin vətəndaşları, bir millətin nümayəndələri olaraq bizlər həm ölkələrimiz həm də türk dünyası arasında əməkdaşlığın genişlənməsi, dayanışmanın artması üçün var gücümüzlə çalışmalıyıq. Unutmamalıyıq ki, Türkiyə nə qədər güclü olsa, Azərbaycan da o qədər güclü olacaqdır, Azərbaycanın güclü olması demək-Türkiyənin də güclü olması deməkdir.
Mən möhtərəm Prezidentimiz İlham Əliyevin sözlərini xatırlatmaq istərdim – “Bir millətin iki diasporası ola bilməz”. Hesab edirəm ki, hər iki dövlətimizin ictimai birlikləri də bir-biri ilə sıx əlaqələr qurmalıdır.” Dağlıq Qarabağ münaqişəsinin bütün türklərin problemi olduğunu qeyd edən millət vəkili bildirmişdi: “Harada doğulmasından və harada yaşamasından asılı olmayaraq hər bir Türk insanı Qarabağ həqiqətlərinin dünyaya çatdırılması istiqamətində səylərini artırmalıdır.” Bu işdə böyüyən gəncliyin üzərinə böyük vəzifə düşdüyünü vurğulayan millət vəkili Qənirə Paşayeva “harada doğulmasından və yaşamasından asılı olmayaraq böyüyən gəncliyimizə tariximizi çox yaxşı öyrətməliyik ki, onlar tariximizə sahib çıxa bilsinlər”, - deyə millət vəkili nitqinə davam etdi. Millət vəkili Qənirə Paşayeva Azərbaycanın qondarma erməni soyqırımı idddialarına qarşı mübarizədə daim qardaş Türkiyənin yanında olduğunu bildirib və Azərbaycanın bu istiqamətdə gördüyü işlər barədə məlumat verib. Çıxışının sonunda millət vəkili Qənirə Paşayeva “inşallah növbəti tədbirlərimizi birlikdə işğaldan azad edəcəyimiz Qarabağımızda keçirərik. İnşallah, birlikdə işğaldan azad edəcəyimiz Xankəndində, Şuşada, Xocalıda və digər o cənnət bölgələrimizdə görüşərik”- deyə qeyd etmişdi. Tədbir çərçivəsində millət vəkili Qənirə Paşayevanın Qarabağın Azərbaycanlı İcmasının üzvü Havva Məmmədova ilə birgə yazdığı və Türkiyə türkcəsində çap olunmuş "Hocalı Soykırımı: Tanıkların dilinden" kitabının və Akif Aşırlı ilə birgə yazdığı və Türkiyə türkcəsində çap olunmuş “Ermənilərin törətdiyi soyqırımın qurbanı - Bağanıs Ayrım” kitabının təqdimatı da keçirilmiş və tədbir iştirakçılarında paylanılmışdı. Eyni zamanda millət vəkili Qənirə Paşayeva və Azər Turanın yenicə Türkiyə türkcəsində capdan çıxan “Əli bəy Hüseynzadə” kitabının da təqdimatı olub. Millət vəkili kitab haqqında ətraflı məlumat verib. Çıxışından sonra millət vəkili Qənirə Paşayevaya İstanbulun Bağcılar bələdiyyəsinin və iqtidarda təmsil olunan AK Parti Bağcılar qadın təşkilatının təşəkkür plaketləri verilib. Tədbirdə Azərbaycanın İstanbul baş konsulluğunun konsulu Ceyhun Məmmədov da iştirak edib.