Milli Məclisin Elm və təhsil komitəsinin sədr müavini Bəxtiyar Əliyev müəllimlərə və həkimlərə yeni statusların verilməsinin vacibliyini bildirib. Deputat bununla bağlı Modern.az-a açıqlamasında bildirib ki, belə bir addım atmaq bu sahədə olan neqativ halları aradan qaldıracaq.
B.Əliyevin sözlərinə görə, bu istiqamətdə dövlətin atdığı addım həkimlərin və müəllimlərin maddi təminatının yaxşılaşdırılmasına yönələcək:
“Mən də hesab edirəm ki, dövlətin bu sahədə atdığı addımlar doğrudur. Müəllimlərə, həkimlərə xüsusi statusun, dövlət qulluğuna bərabər statusun verilməsi bu sahədə olan neqativ halların aradan qaldırılmasına gətirib çıxaracaq. Bu dünya təcrübəsində də var. Düzdür, müəllimi tam mənada məmur hesab etmək olmaz. Əgər belə bir mexanizm qurulursa, “Dövlət qulluğu haqqında” qanunda olduğu kimi, bu kateqoriyadan olan qulluqçuların da fəaliyyəti və maddi təminatı qanunla tam tənzimlənəcək. Bu həm şəffaflığın təmin edilməsinə, həm onların fəaliyyətinin stimullaşdırılmasıa, təhsilin keyfiyyətinin artırılmasına şərait yaradacaq”.
Milli Məclisin üzvü həkimlərin və eləcə də müəllimlərin məvaciblərinin qaneedici olmadığını qeyd edib. B.Əliyev vurğulayıb ki, ölkədə gedən inkişaf insanların maddi təminatına öz tısirini göstərməlidir.
“Həkimlərin bu günkü məvacibləri demək olar ki, bizi qane etmir. Eyni zamanda, bəzi müəllimlərin də maaşları qaneedici deyil. Baxmayaraq ki, ali məktəblərdə prezidentin sərəncamından sonra müəllimlərin maaşları xeyli artıb. Amma bu o demək deyil ki, problemlərin hamısı həll olub. Məsələ köklü şəkildə birdəfəlik həll edilməlidir”.
Millət vəkili daha sonra prezidentin TQDK-ya əlavə səlahiyyətlər verməsi ilə bağlı fərmanına münasibət bildirib. B.Əliyev qeyd edib ki, bu təhsil sahəsində aparılan islahatların davamıdır.
Modern.az