“İran özünə gedib vatisəçi tapsın, sonra gəlib Qarabağ məsələsində vasitəçilik edər”
Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanın ötən həftə İrana rəsmi səfəri region ölkələri tərəfindən birmənalı qarşılanmadı. Xüsusən də, İran tərəfinin Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində Ermənistanla apardığı müzakirələr diqqətdən yayınmayıb. Belə ki, İran tərəfi görüşlərdə Qarabağ probleminin həlli istiqamətində vasitəçi olmaq istədiyini bəyan edib.
Bəs, hazırki durumda İranın vasitəçilik missiyasını həyata keçirməsi reallığı əks etdirirmi?
Modern.az məsələ ilə bağlı politoloq Qabil Hüseynlidən münasibət bildirib. Politoloqun sözlərinə görə, İran siyasi məqsədlərinə çatmaq üçün vasitəçi olmaq istəsə də, hazırki durumda bu mümkün deyil:
“İran Dağlıq Qarabağ münaqişəsinin həllinə kömək etmək üçün bir neçə dəfə vasitəçilik missiyası irəli sürüb. Amma bu məsələ beynəlxalq kütlənin nəzarəti altındadır. İranın özünün vasitəçiyə ehtiyacı var. İran hazırda böyük güclərin gündəmindədir. Yəni, öz problemlərinin həlli ilə məşğul olan bir dövlət belə bir münaqişəyə vasitəçi ola bilməz. Bu ağılabatan iş deyil. Rusiya kimi nəhəng bir dövlət bu problemi nəzarət altında saxlamağa çalışır. Fransa, ABŞ kimi böyük dövlətlər bu məsələdə maraqlıdırlar. İran bu baxımdan vastiçəsi ola bilməz”.
Q.Hüseynli qeyd edib ki, İran irəli sürdüyü təkliflə dünya ictimaiyyətinin diqqətini cəlb etmək istəyir. Qonşu İran dövlətinin Ermənistanla yaxın münasibətlərinə toxunan politoloq vasitəçilik üçün ən real namizədin Türkiyə olduğunu vurğulayıb.
“Tutaq ki, ATƏT razı olsa ki, bölgə ölkələri vasitəçilik missiyası daşısın, Ermənistan buna razı olmayacaq. Qeyd etmək istəyirəm ki, İran siyasi məsələlər üçün bu fikirləri gündəmə gətirir. Onlar özünün bir dövlət kimi əhəmiyyətini, dünyadakı yerini gücləndirmək üçün bu faktordan istifadə edir. Amma bu fakt ciddi səslənmir. Belə missiyanı İrana verməzlər. Türkiyə İrandan qabaq bu missiyanı həyata keçirməlidir. Biz bu missiyada Pakistanı da görmək istərdik. Bu baxımdan hazırki durumdan İran reallığını nəzərə alıb deyə bilərəm ki, münaqişənin həlli misiyası İrana verilə bilməz”-deyə Q.Hüseynli bildirib.
Anar RÜSTƏMOV