Ölkə Prezidentinin 19 aprel 2012-ci il tarixli fərmanı ilə orta məktəblərdə ümumtəhsil fənləri üzrə təhsilalanların biliyinin yekun qiymətləndirilməsinin (attestasiyasının) həyata keçirilməsi, ümumtəhsil fənləri üzrə istifadə edilən dərsliklərin, dərs vəsaitlərinin və digər tədris vasitələrinin elmi-metodiki monitorinqini həyata keçirilməsi Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına (TQDK) həvalə edilib.
Prezident fərmanına əsasən, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının Əsasnaməsinə edilən bu dəyişikliklə əlaqədar olaraq Dövlət Komissiyasının aparatında bir ay müddətində ümumi təhsili həyata keçirən təhsil müəssisələrində ümumtəhsil fənləri üzrə istifadə edilən dərsliklərin, dərs vəsaitlərinin və digər tədris vasitələrinin elmi-metodiki monitorinqini həyata keçirəcək struktur bölmənin yaradılması, üç regional bölmənin yaradılması, ümumi təhsili həyata keçirən təhsil müəssisələrində ümumtəhsil fənləri üzrə təhsilalanların biliyinin yekun qiymətləndirilməsi (attestasiyası) üçün istifadə etdiyi maddi-texniki avadanlığın və elektron məlumat bazasının Təhsil Nazirliyi tərəfindən on beş gün müddətində Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına təhvil verilməsi, TQDK-da yeni qurumların yaradılması ilə əlaqədar əlavə ştat vahidlərinin saxlanılması üçün zəruri olan maliyyə vəsaitinin ayrılmasının təmin edilməsi qərara alınıb.
Bəs TQDK-nın səlahiyyətlərinin artırılması Azərbaycan təhsilinə nə verəcək?
Sabiq millət vəkili, professor Şahlar Əsgərov Modern.az-a açıqlamasında bildirib ki, prosesi müsbət qiymətləndirir. Onun sözlərinə görə, bu, altı il bundan öncə onun tərəfindən dəfələrlə təklif olunsa da amma rədd edilmişdi: “Mən o vaxt qəbul imtahanı ilə buraxılış imtahanının birgə keçirilməsini irəli sürmüşdüm. Buna da vahid milli test adını vermişdim. Bunun altı il gözləməyin nə mənası vardı. Bu qərar 2006-cı ildə verilsəydi Azərbaycan nə qədər qabağa düşərdi. Bu, abituriyentlərin və valideynlərin rahatlığını təmin edəcək”.
Gültəkin ƏLƏSGƏR