Millət vəkili Çingiz Qənizadə bu gün “Demokratiya naminə musiqi” mövzusunda keçirilən beynəlxalq konfransda iştirak edib. Deputat konfransda iştirak edən Almaniya Parlamentinin Yaşıllar Partiyasının üzvü Volker Bekdən bir neçə sualı cavablandırmasını istəyib. Tədbirdən sonra jurnalistlərə açıqlama verən deputat alman həmkarına “Siz, Almaniya parlamentinin və Yaşıllar Partiyasının üzvü kimi Ermənistan tərəfindən Azərbaycan ərazilərinin 20 faizinin işğal edilməsi faktını təsdiq edirsinizmi?” deyə sual etdiyini deyib:
- Daha sonra “Bunun nəticəsində 1 milyona yaxın insanın hüquqlarının pozulmasını necə dəyərləndirirsiniz? Bu iki faktla bağlı şəxsən Siz və ya sizin Yaşıllar Partiyası indiyədək hər hansı bir mövqe nümayiş etdiribsinizmi?” – deyə suallarımı davam etdirdim. Suallardan yayınan Volker Bekin cavabı belə oldu: “Mən münaqişənin sülh yolu ilə həll olunmasının tərəfdarıyam və eyni zamanda Dağlıq Qarabağdakı azlıqların (ermənilərin) hüquqlarının tam təmin edilməsini istəyirəm”.
Çingiz Qənizadə həmin tədbirin təşkilatçılarına üzünü tutaraq “Azərbaycan ərazilərinin işğalını tanımayan bir şəxsin “Demokratiya naminə musiqi” mövzusunda keçirilən beynəlxalq konfransa dəvət edilməsinə nə ad vermək olar?” - deyə müraciət edib.
Lakin millət vəkilinin sualı cavabsız qalıb:
“Azərbaycan ərazisinin işğal edilməsi faktını tanımayan bir şəxsin belə bir tədbirə dəvət olunması məndə təəccüb və təəssüf hissi doğurur. Tədbir təşkilatçıları da Azərbaycan vətəndaşı olaraq mənim suallarıma cavab alınmasında maraqlı olmalı olduqları halda, əksinə Volker Bekin cavabları ilə kifayətlənərək mövzunu qapatmağa çalışdılar. Onu da qeyd edim ki, Almaniyanın Yaşıllar Partiyası Almaniya Bundestaqında çox kiçik fraksiya olmaqla Azərbaycana qarşı qeyri-obyektiv mövqeyi ilə seçilir. Məncə, bu partiya üzvünün Azərbaycan ərazilərinin işğalı faktını tanımaması onların kimə, hansı millətə xidmət etdiklərini aydın əks etdirir”.
Modern.az