“Eurovision-2012” Beynəlxalq Mahnı Müsabiqəsi ilə əlaqədar Bakıdakı orta məktəblərdə dərslərin vaxtından əvvəl yekunlaşacağı barədə məlumatlar təsdiqləndi.
Beynəlxalq mahnı yarışması ilə əlaqadar paytaxtda bəzi məktəblər mayın 21-dən bağlanacaq. Modern.az saytı xəbər verir ki, bu barədə Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Bayram Hüseynzadə mayın 18-də bildirib.
B.Hüseynzadə deyib ki, 21 may tarixindən etibarən “Eurovision-2012” mahnı yarışmasının keçirildiyi “Bakı Kristal Zalı”ın binasına yaxın olan məktəblərdə və Parlament prospektində yerləşən 20 saylı məktəb-liseydə dərslər dayandırılacaq. Qalan məktəblərdə isə dərslər öz axarı ilə davam etdiriləcək.
Nazirlik rəsmisi yalnız adları çəkilən ərazilərdəki məktəblərdə mayın 21-dən 31-nə kimi dərslərin dayandırılacağını vurğulayıb.
Bu məlumatı Bakı Şəhəri üzrə Təhsil İdarəsinin İctimaiyyətlə əlaqlər şöbəsinin müdiri Zəminə Əliqızı da Modern.az-a təsdiqləyib. O, bildirib ki, paytaxtda təxminən 30-a yaxın məktəbdə dərslər dayandırılacaq.
Zəminə Əliqızı bildirib ki, “Eurovision” müsabiqəsi ilə əlaqədar olaraq, belə bir qərar qəbul olunub.
“Gələn həftədən etibarilə Təhsil Nazirliyinin şifahi əmrinə əsasən, paytaxtın 30–a yaxın məktəbində məktəblər bağlanacaq. Bu, gələn həftənin birinci günündən növbəti həftənin ikinci gününə kimi davam edəcək. Bu addım şagirdlərin təhlükəsizliyi, həm də şəhərin mərkəzində olacaq sıxlıq baxımından atılıb. Bu əmr metronun “28 may”, “Sahil”, “İçərisəhər” stansiyaları yaxınlığında, turistlərin və nəqliyyatın sıx olacağı ərazilərdəki məktəblərə şamil edilir. Digər məktəblərə bunun heç bir aidiyyatı yoxdur. Ammm atılan bu addımın paytaxtda keçiriləcək “Son zəng” tədbirlərinə heç bir aiddiyatı yoxdur. 31 mayda “Son zəng” keçiriləcək. Məktəblərdə tədris mayın 29-dan etibarən davam edəcək”.
“Eurovision-2012” Beynəlxalq Mahnı Müsabiqəsi mayın 22-də baylayacaq, 26-da bitəcək..
Modern.az