Modern.az

Şəmkirdə 6 nəfərin öldüyü qəzanın təfərrüatları – FOTO

Şəmkirdə 6 nəfərin öldüyü qəzanın təfərrüatları – FOTO

Aktual

21 May 2012, 10:13

 

Dünən səhər saatlarında Şəmkir-Gəncə yolunun 20-ci kilometrliyində ölümlə nəticələnən ağır yol qəzası baş verib. Avtobusun aşması nəticəsində 6 nəfər ölüb, 1 nəfər isə yaralanıb.

Hadisə səhər 6 radələrində Şəmkir rayonun Seyfəli kəndi ərazisində Şəmkirdən Gəncəyə gələn 20-CA-543 dövlət nömrə nişanlı “PAZ” markalı avtobusun çuxura düşməsi nəticəsində qeydə alınıb. Sürücü Elnur Əhmədov idarə etdiyi avtobusla hərəkəti yolun təmir gedən hissəsində giriş qadağandır yol nişanına məhəl qoymayaraq davam etdirib və avtobus yolda qazılan dərin çuxura düşüb. Qəza nəticəsində avtobusun sürücüsü, Şəmkir rayonu Seyfəli kənd sakini, 1992-ci il təvəllüdlü Elnur Əhmədov, sərnişinlər Tovuz rayon sakini, “N” saylı hərbi hissənin giziri, 1980-ci il təvəllüdlü Afiq Əsgərov, Aşağı Seyfəli kənd sakinləri - 1971-ci il təvəllüdlü Habil Aslanov, 1972-ci il təvəllüdlü Aqil Qurbanəliyev, 1960-cı il təvəllüdlü Məhəmməd Qənbərov və onun oğlu, 1997-ci il təvəllüdlü Əmirxan Qənbərov hadisə yerində dünyasını dəyişiblər. Həmçinin avtobusun arxa hissəsində olan 2 iri buynuzlu heyvan da tələf olub.

Şəmkir rayon Polis Şöbəsinin müstəntiqi Səbuhi Qasımov Modern.az-a deyib ki, hadisəyə səbəb sürücünün giriş qadağandır nişanın tələblərini pozması olub. “O, hərəkətini davam etdirərək avtobusu qarşıdakı yarğana salıb. Səbəb sürücünün ehtiyatsızlığıdır”.

Qəza zamanı avtobusda olan sərnişinlərdən yalnız bir nəfər - Şəmkir rayon, Aşağı Seyfəli kənd sakini, 1985-ci il təvəllüdlü Anar Osmanov sağ qalıb. Müxtəlif bədən xəsarətləri alan yaralı Şəmkir rayon mərkəzi xəstəxanasına çatdırılıb, ambulator müayinədən sonra o evə buraxılıb. Faktla bağlı Cinayət Məcəlləsinin 263-cü maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.




Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı