Modern.az

İki siyasi partiya hakimiyyətə bəyanat verdi

İki siyasi partiya hakimiyyətə bəyanat verdi

Aktual

26 May 2012, 16:19


Azərbaycan Demokrat Partiyası ADP İctimai Palatanın dünən keçirdiyi “xalq gəzintisi”nin polis və mülki geyimli şəxslər tərəfindən dağıdılarkən aksiya iştirakçılarının zorakılığa məruz qalmasını pisləyən bəyanat verib.

ADP bildirib ki, hadisə zamanı müxtəlif dərəcəli bədən xəsarətləri almış, onlarla iştirakçı qeyri-qanuni həbs olunaraq polis idarələrinə aparılıb, orada onlarla qeyri-insani rəftar edilib, aksiya iştirakçıları işgəncələrə məruz qalıb.
”Aksiya iştirakçılarının əksəriyyətinin azad olunmasına baxmayaraq, ADP GT-nın sədri Cəmil Hacıyev, AXCP GT-nın sədri Əbülfəz Qurbanlı və Müsavat Partiyasının GT-nın sədri Səxavət Soltan saxta və qondarma ittihamla müxtəlif müddətlərə azadlıqdan məhrum ediliblər.

ADP baş verən bu hadisəni qətiyyətlə pisləyir və bildirir ki, aksiyanın amansızcasına dağıdılması ölkədə fundamental insan hüquq və azadlıqlarının kobud şəkildə pozulmasının bariz nümunəsidir.

ADP aksiya iştirakçılarının qeyri-qanuni olaraq saxlanılmasını, onlara işgəncələr verilməsini və qeyri-qanuni olaraq həbs olunmasını hakimiyyətin müxalif düşərgəyə qarşı zaman-zaman apardığı repressiya siyasətinin tərkib hissəsi kimi dəyərləndirir”-deyə bəyanatda bildirilib.

ADP eyni zamanda həbsdə olan bütün siyasi məhbusları, o cümlədən “xalq gəzintisi”nə görə həbs olunan ADP GT-nın sədri Cəmil Hacıyevi, AXCP GT-nın sədri Əbülfəz Qurbanlını və Müsavat Partiyasının GT-nın sədri Səxavət Soltanı dərhal azad etməyə çağırır. 


***
Vətəndaş və İnkişaf Partiyası da Azərbaycan hakimiyyətinin Konstitusiyaya uyğun olaraq, ölkədə normal siyasi fəaliyyət üçün şərait yaratmaq əvəzinə, müxalifət partiyalarına və onların tərəfdarlarına qarşı təzyiqləri gücləndirməkdə davam etdiyini bildirib. Partiya bununla bağlı bəyanat verib Bəyanatda deyilir:

”Hakimiyyətin bu çərçivədə davranışları elə bir arzuedilməz həddə çatıb ki, artıq müxalifət partiyalarının rəhbərlərinə qarşı milli-mənəvi dəyərlərlə əsla bir araya sığmayan ucuz hərəkətlərə yol verilir. Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlinin yaşadğı evin qarşısında məqsədli şəkildə təşkil və idarə olunan aksiyalar ölkədə siyasi mübarizə və rəqabətin milli-mənəvi dəyərlərin fövqünə çıxarıldığını əyani surətdə təsdiqləyir. Ailə və ailəyə münasibət ənənəsi ilə dünya xalqlarına örnək olan Azərbaycanda ailənin siyasi mübarizədə hədəfə götürülməsi halları yolverilməz olduğu qədər də təəssüf və hiddət doğurucudur.
Vətəndaş və İnkişaf Partiyası ölkədaxili siyasi mübarizədə bu kimi neqativ hallara təcili son qoyulmasını və hakimiyyətin qeyd olunan aksiyaların təşkilatçılarına qarşı ciddi tədbirlər görməsini tələb edir”.


Modern.az

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı