Modern.az-ın məlumatına görə, bu gün Bakıda “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İB-nin dəstəyi ilə çapdan çıxan, müəllifi Laçından məcburi köçkün Əli Əliyevin olduğu “54 gün erməni mühasirəsində” kitabının təqdimatı olub.
Tədbirdə çıxış edən deputat Qənirə Paşayeva ilk öncə Azərbaycanın ərazi bütövlüyü naminə vuruşub şəhid olan insanların xatirəsini bir dəqiqəlik sükutla yad edilməsini təklif edib.
Millət vəkili “Əlli dörd gün erməni mühasirəsində” kitabı haqqında məlumat verərək, burada kitab müəllifi Əli Əliyevin canlı şahidi olduğu hadisələrin, 54 gün erməni mühasirəsində keçirdiyi mühasirə həyatının əks olunduğunu qeyd edib. Q.Paşayeva bildirib ki, Azərbaycanın Laçın rayonunun Ermənistan tərəfindən işğalının 20-ci ildönümü ilə bağlı keçirilən anım tədbirləri çərçivəsində Əli Əliyevin “54 gün erməni mühasirəsində” kitabının ilk təqdimatı Türkiyənin Aydın Universitetində keçirilib.
Kitabın artıq Gürcüstanda da təqdimatının keçirildiyini və bu ölkədə fəaliyyət göstərən bir sıra ali və orta təhsil ocaqları, qeyri-hökumət təşkilatları, gənclər təşkilatları arasında yayıldığını vurğulayan Q.Paşayeva kitabın nəinki xaricdə fəaliyyət göstərən Azərbaycan və türk diaspor təşkilatları arasında yayılmağa başladığını və bu prosesin daha da genişlənəcəyini bildirib. O, kitabın xarici dillərə çevrilməsi üzərində də iş getdiyini və yaxın zamanlarda “Əlli dörd gün erməni mühasirəsində” bəzi xarici dillərdə çap olunaraq xaricdə yayılacağını qeyd edib.
Tədbirdə eyni zamanda “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İB-nin dəstəyi ilə hazırlanan “Dağıdılmış mədəniyyət beşiyi -Şuşa” filmi ilə bağlı da məlumat verən deputat filmin artıq Azərbaycanla yanaşı Türkiyənin bəzi şəhər, universitet və mərkəzlərində, Gürcüstanda təqdimatlarının keçirildiyini və bu tədbirlər çərçivəsində filmin nüsxələrinin geniş çəkildə yayıldığını bildirib. O, filmin nüsxələrinin xaricdə fəaliyyət göstərən bir sıra Azərbaycan və türk diaspor təşkilatlarına da göndərildiyini və yaxın zamanlarda əksər diaspor təşkilatlarına filmin nüsxələrinin əksər diaspor təşkilatlarına göndəriləcəyini də vurğulayıb. O, bildirdi ki, fiimin Türkiyə Türkcəsində və ingilis dilində variantları yaxın günlərdə hazır olacaq və onun xarici ölkələrdə geniş yayılması üçün dövlət və qeyri-dövlət qurumlarına, xaricdəki diplomatik korpuslarımız, diaspor təşkilatlarına göndəriləcək.
“Mən çıxışımı Azərbaycan prezidenti cənab İlham Əliyevin “Biz müdafiədən hücuma keçməliyik” fikirləriyə tamamlayaraq, bütün dünyada yaşayan azərbaycanlılara və xaricdə fəaliyyət göstərən həm Azərbaycan, həm də türk diaspor təşkilatlarına səslənərək Azərbaycan, Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinin diqqətinə çatdırmaq, erməni yalanlarına qarşı mübarizədə informasiya müharibəsini daha da gücləndirməyə çağırıram. İnşallah gələn tədbirlərimizi birlikdə işğaldan azad edəcəyimiz Xankəndində, Şuşada, Xocalıda, Laçında və digər o cənnət bölgələrimizdə görüşərik. Mən əminəm ki, o gün uzaqda deyil”, - deyə millət vəkili qeyd edib.
Təqdimat mərasimində iştirak edən millət vəkilləri Nazim Fərəcov, Rövşən Rzayev, Elman Məmmədov, Aydın Mirzəzadə, Flora Qasımova, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin sədri Füzuli Rzaquliyev və Laçın rayon İcra Hakimiyyətinin rəsmiləri öz çıxışlarında Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinin diqqətinə çatdırılması baxımından Əli Əliyevin “54 gün erməni mühasirəsində” kitabının əhəmiyyətini vurğulayıblar və Ali baş komandan İlham Əliyevin əmri ilə hər an Ermənistanın işğalı altında olan torpaqlarımızın işğaldan azad etməyə hazır olduqlarını ifadə ediblər.
Kitabın müəllifi, Laçın rayonundan məcburi köçkün Əli Əliyev 1993-cü il martın 30-dan mayın 23-nə kimi Laçın və Kəlbəcər ərazisində erməni mühasirəsində qaldığı 54 günlük mühasirə həyatından və Dağlıq Qarabağ münaqişəsinin ilk illərində şahidi olduğu hadisələr haqqında ətraflı məlumatlar verib. Qarabağ müharibəsinin bilavasitə iştirakçısı olan Ə.Əliyev artıq 20 ildir Ermənistan silahlı qüvvələrinin işğalı nəticəsində öz doğma torpağı Laçından didərgin düşdüyünü, məcburi köçkün həyatını yaşadığını, öz doğmalarının qəbirlərini ziyarət edə bilmədiyini bildirib. Lakin buna baxmayaraq tezliklə birlikdə Laçına, o cümlədən Ermənistanın işğalı altında olan digər torpaqlarımıza geri qayıdacağına əminliyini ifadə edib.
Təqdimatın sonunda Əli Əliyevin “54 gün erməni mühasirəsində” kitabı və “Dağıdılmış mədəniyyət beşiyi -Şuşa” filminin nüsxələri tədbir iştirakçılarına təqdim olunub.
Modern.az