Bakı Şəhəri üzrə Baş Təhsil İdarəsinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Zəminə Əliqızının Modern.az-a verdiyi məlumata görə, paytaxt ərazisində təşkil olunacaq “Son zəng” tədbirlərində təhlükəsizlik tam təmin olunacaq.
Təhsil nazirinin son zənglə bağlı müvafiq əmrinə əsasən sabah, may ayının 31-də saat 10-00 da başlayacaq “Son zəng” tədbirləri üç saat ərzində davam etdiriləcək.
Bütün müəssisə rəhbərlərinə təhlükəsizlik tədbirlərinə xüsusi diqqət yetirmək tapşırılıb: “ Tədbirin keçirilməsi, bura dəvət olunan qonaqlar, bunların hamısı müəssisə rəhbərlərinin diqqət mərkəzindədir. “Son zəng”i şagirdlər yalnız məktəb çərçivəsində keçirməlidirlər. Tədbirin kənarda keçirilməsini, kütləvi yerlərə axın edilməsinə imkan yaradılmayacaq. Amma belə bir şey olarsa təhsil müəsisələri məsuliyyət daşımırlar. Uşaqlara şərait yaradılacaq ki, üç saatlıq tədbirlərdə iştirak etsinlər. Amma bu çərçivədən kənara çıxan şagirdlərə görə biz məsuliyyət daşımayacağıq. Hər il olduğu kimi bu ildə Bakı şəhər Baş Polis İdarəsinə müraciət olunub. Onlar da məktəb ərazisində təhlükəsizliyin təmin olunması üçün təminat verəcək. Ötən il xüsusi əməkdaşlar məktəblərin ərazisində tədbirlərin keçirilməsi zamanı təhlükəsizliyi tam təmin etdilər. Çox güman ki, bu il də belə bir addım atılacaq. Həmin gün “qaynar xətt” də fəaliyyət göstərəcək. Hər hansı problem yaranarsa Bakı şəhəri Baş Təhsil İdarəsinin 441 06 99 saylı “qaynar xətt”inə müraciət edə bilərlər”.
Z.Əliqızı deyib ki, bu il paytaxtda 22 min şagird XI, 29 min şagird isə IX sinfi bitirəcək.
Gültəkin Ələsgər