Modern.az

“Sənin dinin də saxtadır, özün də saxtasan”

“Sənin dinin də saxtadır, özün də saxtasan”

Aktual

31 May 2012, 13:45

“Gör vəziyyət hara çatıbsa, uzun müddət İranın rühaniyyətinə qarşı mübarizə aparanlar sonra anti-Azərbaycan platformasında rühaniyyətlə birləşdilər”.

Modern.az-ın məlumatına görə, bunu Azərbaycan Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyinin Şurası Milli QHT Forumu ilə birlikdə  “Vətəndaş cəmiyyətinin inkişafında QHT-lərin rolu” mövzusunda  keçirdiyi konfransda deyib.

“Sağlam rühaniyyətin nə olduğunu biz yaxşı bilirik. Amma saxta rühaniyyət ki, Azərbaycanda olmayan şeyi zorla bizim alnımıza yapışdırmaq istəyir, zorla bizi homoseksualist adlandırır, onlara qarşı biz dirəniş veririk. Biz İran rühaniyyətinə deyirik ki, ayıbdır, alnını möhürə vurub əlini Allah tutursan. Sənin dinin də saxtadır, özün də saxtasan. Bizə belə rühaniyyət lazım deyil. Azərbaycan xalqı belə rühaniyyətlə heç vaxt tərəfdaşlıq edə bilməz. İnsanları qarşısında islamı təlqin edən ruhani məsciddən çıxıb yalan deyə bilməz”.
Ə.Həsənov İranın gey-parad məsələsinə daha çox toxunmasından danışıb.

“İndi də deyirlər ki, Azərbaycanı qorxuzub gey-paradın keçirilməsinin qarşısını almışıq. Guya biz gey-parad keçirməyə hazırlaşırdıq. Hər gün deyirdik ki, biz gey-parad keçirməyə hazırlaşmırıq. Biz dünyada qazandığımız haqqı, “Eurovision” yarışmasını həyata keçirmək istəyirik. Və biz dünyaya göstərmək istəyirik ki, onların təsəvvür etdiyi kimi Afrika dövləti, geridə qalmış dövlət deyilik. Biz sözün həqiqi mənasında sivil dəyərləri, imkanları olan dövlətik.  Hətta heç nəyi olmasa belə ən gözəl qonaq yola salmağı bilən, bacaran millətik”.

Konfransda QHT Şursının sədri Azay Quliyev ölkədə vətəndaş cəmiyyətinin inkişafına göstərilən dövlət qayğısından danışaraq, QHT-lərin fəaliyyətinin səmərəsinin artırılması, beynəlxalq əlaqələrinin genişləndirilməsi və dövlət orqanları ilə əməkdaşlığının möhkəmləndirilməsi kimi məsələlərdən danışıb. O, ölkədə uğurla keçirilmiş “Avroviziya-2012” tədbirlərinə ictimai dəstəyin verilməsində bir sıra QHT-lərin fəal iştirakını qeyd edib.

Tədbirdə çıxış edən millət vəkilləri Sabir Rüstəmxanlı və Çingiz Qənizadə, QHT rəhbərləri Rauf Zeyni, Məhərrəm Zülfüqarlı, Asif Əsgərov, Elməddin Behbud, Gülsel Səfərova, Sevgim Rəhmanov, Akif  Nağı və başqaları müzakirə olunan məsələlərə münasibət bildirərək, QHT-lərin  fəaliyyətinin daha da təkmilləşdirilməsi ilə bağlı  təkliflər irəli sürüblər.       

Konfransda Avropa Parlamentinin 24 may 2012-ci ildə qəbul etdiyi “İnsan hüquqları, demokratiya və hüququn aliliyinin pozulmasına dair” qətnamə, habelə “Human Rights Watch”,  “Amnesty İnternational”,  Norveç İnsan Haqları Evi, Sərhədsiz Reportyorlar Təşkilatı kimi beynəlxalq qurumların Azərbaycan haqqında yaydığı qeyri-obyektiv açıqlamalarla bağlı bəyanatlar qəbul edilib.


Anar Kəlbiyev
Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı