“Sənədləri tam qaydasında olan əmanətçilər əmanətlərini həmin gün banklardan ala biləcəklər”. Modern.az-ın məlumatına görə bu sözləri maliyyə naziri Samir Şərifov bu gün keçrilən mətbuat konfransında deyib. Onun sözlərinə görə bunun üçün əmanətçilər ərizə ilə müraciət etməlidirlər.
“Sənədləri tam qaydasında olmayanlar və ya hər hansı problem yaşayanlar maksimum 5 gün müddətində əmanətlərini ala bilərlər. Bunun üçün ərizə, əmanət kitabçası və şəxsiyət vəsiqəsi lazımdır”.
Maliyyə naziri xüsusi vurğulayıb ki, prosesdə heç bir fırıldaqçılığa yol verilməyəcək. O qeyd edib ki, fırıldaqçılıq hallarının qarşısını almaq üçün Daxili İşlər Nazirliyi ilə birgə işlər aparılır.
“Belə halların qarşısını almaq üçün məlumat bazası da yaradılıb. Həm elektron, həm də kağız üzərində bu məlumatlar toplanılacaq.
Əgər əmanət kitabçasının üzərində yazılanlarla bazada olanlar uyğun gələrsə, buna müsbət rəy veriləcək. Həmin gün müsbət rəy alan şəxs bankdan pulunu ala biləcək və yaxud 5 gün ərzində gedib götürə biləcək. Əgər əmanət kitabçası yararsız hala düşübsə, bununla bağlı araşdırma aparılacaq. Bankın qərar qəbul etmə hüququ yoxdur, bunun üçün xüsusi komissiya yaradılıb və bütün səlahiyyət ondadır. Əgər əmanət kitabçası itibsə və ya yararsız hala düşübsə, ərizə ilə komissiyaya müraciət etməlidir. Komissiyanın qərarı müsbət olarsa, ona yeni əmək kitabçası veriləcək. Mənfi rəy verilərsə, bununla əmanətçi razılaşmaya bilər. Həmin şəxs məhkəmə qaydaları əsasında prosesi yenidən başlaya bilər” - deyə Samir Şərifov deyib.“Əmanətlərin qaytarılması prosesinin ölkədə inflyasiyaya təsir edəcəyi gözlənilmir”. Bunu deyən Samir Şərifovun sözlərinə görə, qaytarılan vəsaitlərin dərhal istehlak bazarına yönəlməsi qeyri-mümkündür:
“Bunun iki əsas səbəbi var. Birincisi, biz gözləmirik ki, qaytarılan vəsaitlər dərhal istehlak bazarına yönəldiləcək. Təbii ki, onların bir hissəsi dərhal xərclənməyəcək. Ola bilsin ki, əmanətlərini alan şəxslər pullarını yenidən banka qoysunlar. İkincisi, yay aylarında ənənəvi olaraq qiymətlərin enməsi müşahidə olunur. Əmanətlərin qaytarılmasının pik vaxtı da məhz yay aylarına düşəcək. Ona görə də infilyasiyanın qarşısı alınacaq”.
Gültəkin ƏLƏSGƏR