Milli Məclisin Regional məsələlər komitəsinin bu gün keçirilən iclasında "Ərazi quruluşu və inzibati ərazi bölgüsü haqqında" qanuna dəyişikliklərlə bağlı qanun layihəsi müzakirə olunub.
Müzakirələr zamanı komitə sədri Arif Rəhimzadə qeyd edib ki, Azərbaycanda inzibati ərazi bölgüsü olmayan rayonlarda yeni sahələr yaradılacaq. Komitə sədrinin sözlərinə görə, yeni sahələr əhalisi 20 min olan ərazini əhatə edəcək:
“Kiçik bir kəndin idarəolunması həyata keçirildiyi təqdirdə, Bakının Yasamal kimi böyük rayonunu yalnız İcra Hakimiyyəti idarə edir. İdarəetməni əhaliyə daha yaxın etmək məqsədi ilə sahə inzibati idarəetmə strukturları yaradılır".
Daha sonra millət vəkili Tahir Rzayev məsələyə münasibət bildirib. Deputat qeyd edib ki, yeni sahə strukturların yaradılması əlavə iş yerlərinin yaranmasına və gənclərin idarəçilik sisteminə cəlb olunmasına şərait yaradacaq.
Millət vəkili Fəzail İbrahimli vurğulayıb ki, yeni strukturların yaradılması İcra hakimiyyətlərinin üzərinə düşən yükün yüngülləşdirəcək.
Qeyd edək ki, sözügedən qanuna təklif olunan əlavələrə əsasən, sahə inzibati ərazi dairəsi - rayon bölgüsü olmayan şəhər inzibati ərazi vahidinin inzibati mərəkəzi olan ərazi vahidinin ərazisində və şəhər rayonu inzibati ərazi vahidinin ərazisinin inzibati ərazi dairəsi ilə əhatə olunmayan hissəsində yerli dövlət hakimiyyəti orqanlarının yaradıldığı ərazidir. Dövlət hakimiyyəti orqanlarının əhaliyə yaxınlaşması və idarəetmənin səmərəliliyinin artırılması məqsədi ilə sahə inzibati ərazi dairələri yaradılır.
Xatırladaq ki, prezident İlham Əliyevin qanunvericilik təşəbbüsü ilə Milli Məclisə daxil olan qanun layihəsi Parlamentin plenar iclasına tövsiyə olunub.
Modern.az