Azərbaycan prezidenti İlham Əliyev Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Şirkətinin yaradılması haqqında fərman imzalayıb.
Modern.az-ın məlumatına görə, yeni dövlət şirkəti Sənaye və Energetika Nazirliyinin Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin əsasında yaradılacaq. Fərmanda bildirilir ki, Azərbaycan Respublikasının Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Şirkəti alternativ və bərpa olunan enerji mənbələrindən istifadə olunması sahəsində dövlət xidmətləri göstərən, habelə bərpa olunan enerji resursları mənbələrinin müəyyən olunmasını təşkil edən və bu sahənin inkişafı ilə bağlı digər işləri yerinə yetirən dövlətə məxsus şirkətdir.
Fərmana əsasən, nə əsasən ləğv edilmiş Azərbaycan Respublikası Sənaye və Energetika Nazirliyinin Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin əmlakı Azərbaycan Respublikasının Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Şirkətinə verilib.
Prezidentin digər sərəncamı ilə Akim Bədəl oğlu Bədəlov Azərbaycan Respublikasının Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Şirkətinin sədri təyin edilib.
Modern.az-ın məlumatına görə, Akim Bədəlov 1956-cı ildə Naxçıvan səhərində anadan olub. Fizika və riyaziyyat (Geofizika) üzrə fəlsəfə doktorudur. A.Bədəlov Xəzər dənizinin Riyazi Hidro-dinamik Modelinin müəllifidir. O, hidrodinamika, okeanoqrafiya, geofizika və riyaziyyat üzrə iki kitabın və 20-dən yuxarı elmi məqalələrin müəllifidir. Moskva Elmlər Akademiyasının Okeanologiya və Okeanoqrafiya İnstitutunda və sonra isə Azərbaycan Təbii Sərvətlərin Kosmik Tədqiqatları İnstitutunda işləyib. Son 20 il ərzində "Xəzər" (Kaspi) Elmi və Texnoloji Mərkəzin direktoru və sonra isə Direktorlar Şurasının sədri vəzifəsində çalışıb.
Evlidir, iki oğlu, bir qızı var.
Modern.az