Modern.az

Facebook şair və yazıçıların yaradıcılığa mane olurmu?

Facebook şair və yazıçıların yaradıcılığa mane olurmu?

Aktual

2 İyun 2012, 11:19

İradə Tuncay: “İlham pərisi gələndə bütün qapı-pəncərələr qapanır“

Azərbaycanda yaradıcı insanların əksər hissəsi Facebook sosial şəbəkəsindən aktiv istifadə edənlər sırasına daxildilər. Facebook sosial şəbəkəsinin imkanlarından yararlanan yaradıcı insanlardan Vaqif Səmədoğlu, İradə Tuncay, Rəşad Məcid, Aydın Xan (Əbilov), Elçin Mirzəbəyli və başqalarının adını çəkmək olar.

Modern.az saytının əməkdaşı yazıçı və şairlərlə əlaqə saxlayıb, onlardan Facebook-dakı fəaliyyətləri ilə bağlı fikirlərini öyrənib.

Şair, dramaturq, publisist Vaqif Səmədoğlu Facebook sosial şəbəkəsinin əhəmiyyətli tərəflərindən danışdı: “Bu sosial şəbəkə vaxt baxımından mane olursa, yaradıcılığın inkişafı nöqteyi-nəzərindən isə çox böyük kömək olur. Facebook nədir ? Elə ünsiyyət vasitəsidir. Günün bütün saatlarını bu sosial şəbəkədə keçirmirəm. Sadəcə, gün ərzində bir saat, ya da ki, yarım saat ərzində oluram. Axır vaxtlar isə demək olar ki, az oluram. Facebook-da dostlarımla, yaradıcı insanlarla, politoloqlarla və gənclərlə ünsiyyətdə oluram. Bu da mənə xüsusi zövq verir”.

“525-ci qəzet”in baş redaktoru, yazıçı Rəşad Məcid Facebook sosial şəbəkəsinə əvəllər çox vaxt ayırdığını qeyd etdi: “Amma indi sosial şəbəkədə gün ərzində bir, ya da iki saata yaxın oluram. Facebook mənim üçün sürətli kommunikasiya vasitəsidir. Şəbəkə mənə istədiyim şəxsi tapmaqda kömək olur.  Facebook vasitəsilə sifarişlər də verirəm. Bir də ki, bu, işimin tərkib hissəsidir. Bəzən əməkdaşlara, redaktorlara da tapşırığı elə burdan yollayıram. Bu sosial şəbəkə insanı tanımaq, informasiya əldə etmək baxımından da xüsusi fərqlənir. Yaradıcılığıma da heç bir mənfi təsir etmir və mane olmur“ .

“Ədalət” qəzetinin baş redaktoru, publisist İradə Tuncay Facebook sosial şəbəkəsinin imkanlarından geniş şəkildə istifadə etdiyini vurğuladı: “Əvvəl Facebook-da daha çox zaman keçirirdim, amma indi günün ancaq bir neçə saatını burda oluram. Facebook sosial şəbəkəsinə ayırdığım vaxt hardasa iki saatdı. Həmçinin bu sosial şəbəkədə olmaq mənə işlərimdə də kömək olur. Yəni qəzetə lazım olan materiallar özləri gəlib məni tapır. O ki qaldı yaradıcılığa, deyə bilərəm ki, ilham pərisi gələndə bütün qapı-pəncərələr qapanır, bircə o gəlir içəri“ .

Yazıçı-kulturoloq Aydın Xan (Əbilov) işlərinin demək olar ki, çox hissəsini elə internet vasitəsi ilə etdiyini söylədi: “Milli Virtual Kitabxana rəhbəri olaraq fəaliyyətimin əsas hissəsi internetlə olduğundan sutkanın 16-18 saatını onlayn şəbəkədə olmağa məhkumam. Sosial şəbəkələr isə mənim üçün sözün hər mənasında əsl virtual ofis, fikirlərimi bölüşdüyüm şəbəkə məkanı, dostlarım, oxucularım, tələbələrim, həmkarlarım və jurnalistlərlə ünsiyyətdə olduğum formatdır. Burada gördüyümüz işlər barədə geniş ictimaiyyətə məlumatlar, çoxsaylı jurnalist sorğularına ekspert rəyləri, müsahibələr verir, tələbələrim üçün virtual mühazirələr təşkil edir, şəbəkə ədəbiyyatı nümunələrinə çevrilən bədii-poetik və kulturoloji əsərlərimi paylaşır, oxucularla birbaşa təmasda olur, dostlarımla söhbətlər edirəm. Düşünmürəm ki, vaxtımı alır və yaradıcılığıma mane olur. Əksinə, internetdə öz fəaliyyətimi daha səmərəli təşkil etmək imkanına malikəm. İndi mən iki layihə rəhbəriyəm və hər ikisi də İnternetlə bağlıdır“ .

“Xalq Cəbhəsi” qəzetinin baş redaktoru, şair Elçin Mirzəbəyli  Facebook sosial şəbəkəsində gün ərzində cəmi bir saat olduğunu dedi: “Adətən Facebook-a telefonu qapalı olan dostlarımı tapmaq üçün daxil oluram. Yaxin dostlarımdan və həmkarlarımdan bir neçəsini ancaq bu sosial şəbəkə vasitəsilə tapmaq olur. Adamlar az qala iş və mobil telefonlarından imtina ediblər. Facebook yaradıcılığıma qəti mane olmur. Ona qalarsa yaradıcılığa mane olan o qədər məqamlar var ki, saya gəlməz. Məsələn, gün ərzində saatlarla otağımda oturub məni mənasız və məzmunsuz söhbətlərilə yoranlar, özlərindən başqa hər kəsdən şikayət edən və gileylənənlər, heç bir istedad və bacarıqları olmadığı halda bütün dünyanı özlərinə borclu sayanlar. Bütün bunları nəzərə alanda Facebook cənnətdir” .

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı