“İqtisadi və Sosial İnnovasiyalar İnstitutu” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasın maliyyə dəstəyilə “Korrupsiyaya qarşı mübarizənin hüquqi tənzimlənməsi: beynəlxalq təcrübə və Azərbaycan” adlı layihə gerəkləşdirir.
01 aprel 2012-ci il tarixdən 30 sentyabr 2012 –ci il tarixinədək altı aylıq müddəti əhatə edəcək layihənin həyata keçirilməsində məqsəd, korrupsiyaya qarşı mübarizənin hüquqi tənzimlənməsi sahəsində beynəxalq təcrübəni hərtərəfli öyrənmək və onun Azərbaycanda yaradıcılıqla tətbiqi yollarına dair təkliflər hazırlamaq, əhalinin müvafiq qanunvericiliklə bağlı maarifləndirilməsi və korrupsiyaya qarşı mübarizəni gücləndirilməsi işinə töhfə vermək, vətəndaş cəmiyyətinin fəal qismini bu prosesə qoşmaq yolu ilə korrupsiyaya qarşı mübarizədə dövlət, vətəndaş və QHT-lərin həmrəyliyinə nail olmaqdır.
Layihə çərçivəsində korrupsiyaya qarşı mübarizə sahəsindəki beynəxalq təcrübənin hərtərəfli öyrənilməsi və onun Azərbaycanda tətbiqi imkanlarının araşdırılması, Şəki və Qax rayonlarında korrupsiyaya dair aktual problemlərin müəyyənləşdirilməsi və təsnifatlaşdırılması, eləcə də daha çox korrupsiyalaşmış sahələri üzə çıxarmaq məqsdilə sosioloji sorğular keçirmək, regionda fəaliyyət göstərən “kanal S”də (Şəki televiziyası) korupsiyaya qarşı mübarizə mövzusunda həsr olunmuş hər biri 20 dəqiqəlik 1 televiziya verilişinin təşkil edilməsi, institutun www.isii.az adlı veb-səhifəsində layihə və onun icrası haqqında məlumatların mütəmadi yerləşdirilməsi və s. işlərin görülməsi nəzərdə tutulub.
Qeyd edək ki, “İqtisadi və Sosial İnnovasiyalar İnstitutu” İctimai Birliyi 30 aprel 2010-cu ildə rəsmi dövlət qeydiyyatına alınıb. Qurumun fəaliyyətinin əsas məqsədi ölkənin intellektuallarının səylərini birləşdirərək Azərbaycanın iqtisadi və sosial tərəqqisinə töhfə verməkdir.
Aytən ƏLIYEVA