Milli Məclisin fəaliyyət istiqamətində böyük önəm verilən məsələlərdən biri də beynəlxalq əməkdaşlıqdır. Bunun üçün ali qanunverici orqanın dünyanın 76 ölkəsinin parlamentlərarası əlaqələrlə bağlı işçi qrupları var ki, bu qruplara dostluq qrupları da deyilir.
Bəs deputatlar təmsil olunduqları işçi qruplarının təyinatına uyğun olaraq, qarşı ölkə ilə Azərbaycan arasında münasibətləri necə dəyərləndirirlər?
Bunun üçün Azərbaycan-İran parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü, deputat Aydın Mirzəzadənin fikirlərinə diqqət edək. Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin sədr müavini, deputat A.Mirzəzadə Modern.az-a açıqlamasında bildirib ki, bizim İranla əlaqələrimiz dostluq münasibətindədir:
“Hər iki ölkə biri-birinin yaxşı münasibətləri olmasında maraqlıdır. Təəssüf ki, ara-sıra İranda müəyyən dairələr bu dostluğa kölgə salmağa və məsələni gərginləşdirməyə cəhd edirlər. Bu daha çox son hadisələrdə özünü göstərir. Hesab edirəm ki, iki dövlət və xalq arasında dostluğu heç bir cəhd və qaragüruhçuluq korlaya bilməz. Xalqların dostluğu hər hansı bir siyasi mübarizədən həmişə üstün olubdur”.
A.Mirzəzadə İranlı həmkarlarından razılığını bildirib:
“Onların parlamentlə dostluq qrupunun üzvləri bir müddət əvvəl Azərbaycanda idilər. Bir çoxları ilə şəxsi söhbət edə bildik. Onların hər birindən Azərbaycana qarşı məhəbbət və hörmət hissini duydum. Hesab edirəm ki, bu İran cəmiyyətindən, sadə İran vətəndaşından gələn hisslər idi”.
Anar Kəlbiyev