Xarici İşlər Naziri (XİN) Elmar Məmmədyarov Azərbaycanda rəsmi səfərdə olan İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş Katibi Ekmeleddin İhsanoğlu ilə görüşüb. Bu barədə XİN-nin mətbuat xidməti Modern.az-a məlumat verib. Nazir E.Məmmədyarov azərbaycanla İƏT arasındakı geniş və dərin qeyd edərək, Azərbaycanın İslam Ümmətinin bir hissəsi olduğunu bildirib.
İƏT baş katibi E.İhsanoğlu Azərbaycan - İƏT münasibətlərinin əhəmiyyətini vurğulayaraq, Azərbaycanın İƏT daxilində böyük və əhəmiyyətli rolundan danışıb. Görüş zamanı tərəflər son zamanlar dünyada artmaqda olan İslamofobiya məsələsi ilə bağlı ciddi narahatlıqlarını bölüşərək və bununla mübarizə aparılması istiqamətində müştərək tədbirlərin görülməsinin vacibliyini vurğulayıblar. Görüşdə həmçinin İslam dünyasının üzləşdiyi problemlər, Azərbaycanın dünyada təhlükəsizliyin bərpasında rolu və Əfqanıstanda sülhə verdiyi töhfə haqqında fikir mübadiləsi aparılıb, Azərbaycanla İƏT arasında təhsil sahəsində əməkdaşlığın genişləndirilməsi məsələsinə dair müzakirələrin aparılacağı qeyd olunub.