İyunun 18-də Azərbaycan və Ermənistanın xarici işlər nazirləri ATƏT-in Minsk qrupunun həmsədrləri ilə birgə Parisdə görüşəcəklər. Modern.az xəbər verir ki, bu barədə jurnalistlərə Xarici İşlər Naziri (XİN) Elmar Məmmədyarov məlumat verib.
Son günlər cəbhə xəttində atəşkəsin pozulmasına, əsgər itkilərinə toxunan nazir bildirib ki, bu hadisələr Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqlar prosesinə mənfi təsir edir. “Münaqişə həll edilməyənədək belə insidentlər, təəssüf ki, davam edəcək, buna görə də biz Ermənistanı böyük sülh sazişi üzərində işləməyə başlamağa çağırırıq. Paris görüşündə Azərbaycan Ermənistan tərəfinə başa salmağa çalışacaq ki, bundan sonra da status-kvonun saxlanması qəbuledilməzdir”.
Nazir bildirib ki, Dağlıq Qarabağ münaqişəsi ABŞ dövlət katibi Hillari Klintonla danışıqların da əsas mövzusu olacaq. “Biz həmişə başa düşmüşük ki, bu mövzu olduqca həssasdır və həm beynəlxalq vasitəçilər, həm də münaqişə tərəfləri uzanan münaqişədən çıxış yolu tapmalıdı”.
İran-Azərbaycan arasında gərginliyini yaranmasına toxunan E.Məmmədyarov deyib ki, burada əsas günahkar Azərbaycan tərəfi deyil: “Münasibətlərin gərginləşməsində günahkar Azərbaycan deyil. İranla Azərbaycan arasında uzun illər mövcud olan dərin münasibətləri nəzərə alsaq, biz tərəfdaşlıqda maraqlıyıq”.