Nazirlik rəsmisi: “Qadağalara əməl olunması istiqamətində yeni reydlər aparılır”
İctimai yerlərdə, o cümlədən nəqliyyatda siqaret əleyhinə qadağaların pozulması halları azalıb. Nəqliyyat Nazirliyinin mətbuat katibliyinin müdiri Namiq Həsənov Modern.az-a açıqlamasında bildirib ki, bir neçə gündür qadağalara necə əməl olunması istiqamətdə reydlər aparılır və nəzarət bundan sonra daha da gücləndiriləcək.
N.Həsənovun sözlərinə görə, reydlər və cərimələr sayəsində qanuna əməl etməyən sürücülərin sayı azalıb: “Yoxlamalar avtobus sürücüləri ilə bərabər, qeyri-qanuni fəaliyyət göstərən taksi sürücülərinə qarşı da gücləndirilib. Hər iki məsələ ilə bağlı iradlar və şikayətlər 561-76-28 nömrəli “qaynar xətt”ə bildirilə bilər. Nəqliyyat Nazirliyi lazımi nizam-intizamı təmin edənə qədər reydlər davam edəcək, monitorinqlər aparılacaq və hamı normal xidmətə cəlb ounacaq. Nəticədə sərnişinlərə ən yüksək səviyyədə xidmət göstəriləcək”.
Nazirlik rəsmisi bir neçə gündən sonra 6 aylıq yekunların açıqlanacağını deyib: “Ona görə hələ ki dəqiq rəqəm deyə bilmərəm. Son bir neçə ayda olanlar həftə sonuna kimi açıqlanacaq. Rəqəm tez-tez dəyişdiyi üçün, 10-15 günlük və 1 aylıq məlumatları toplayıb birdən veririk. Hər halda 100 faizlik nəticə əldə olunması üçün işlər gücləndiriləcək”.
Anar Kəlbiyev